"Vaşinqtonun mesajları regionda yeni gözləntilər formalaşdırır" - POLİTOLOQ

"Vaşinqtonun mesajları regionda yeni gözləntilər formalaşdırır" - POLİTOLOQ

"ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüş ABŞ–İsrail strateji tərəfdaşlığının növbəti mərhələsini müəyyənləşdirən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər".

Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, görüşün gündəmində İranın nüvə proqramı, Qəzzadakı vəziyyət, Livan istiqamətində təhlükəsizlik məsələləri, regional sabitlik və Abraham Sazişlərinin genişləndirilməsi kimi mövzuların yer alması Vaşinqtonun Yaxın Şərqdə təhlükəsizlik arxitekturasını yenidən formalaşdırmaq niyyətini göstərir:

"Bu baxımdan görüş təkcə ikitərəfli münasibətlərin deyil, həm də regionun gələcək geosiyasi dinamikasının müzakirə edildiyi platforma kimi önəm daşıyır.

Strateji baxımdan bu təmas ABŞ-ın İsrailin təhlükəsizliyinə dəstəyini davam etdirdiyini nümayiş etdirməklə yanaşı, İranın regional təsirinin məhdudlaşdırılması, ərəb ölkələri ilə normallaşma prosesinin sürətləndirilməsi və mümkün yeni diplomatik təşəbbüslərin koordinasiyası baxımından da əhəmiyyətlidir. Eyni zamanda, görüşdən verilən mesajlar göstərir ki, Vaşinqton Yaxın Şərq siyasətində hərbi və diplomatik alətləri paralel şəkildə tətbiq etməyə çalışır. Bu isə yaxın aylarda həm Qəzza məsələsində, həm də İranla bağlı proseslərdə yeni siyasi addımların atılacağına dair gözləntiləri artırır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə