“Azad bazar iqtisadiyyatı təkcə pul qazanmaq və ticarət etmək sistemi deyil“ - EKSPERT DANIŞDI
“Bugün artıq iqtisadiyyat qlobal səviyyədə tam inteqrasiya olunmuş bir sistemə çevrilib. Artıq “yerli bazar” anlayışı öz əvvəlki mənasını itirib, çünki bu gün dünyanın istənilən nöqtəsində istehsal olunan mal, bir neçə gün, hətta saat ərzində başqa bir ölkənin bazarına daxil ola bilir”. Bu sözləri SİA -ya açıqlamasın da, Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, bu proses qloballaşma və azad bazar iqtisadiyyatı prinsipləri ilə idarə olunur: "Azad bazar iqtisadiyyatı o deməkdir ki, istehsalçılar və ticarətçilər bazara dövlətin birbaşa müdaxiləsi olmadan daxil ola, mallarını istədikləri qiymət və istiqamətdə sata bilirlər. Bu sistemdə əsas məqsəd rəqabət və mənfəətdir. Sahibkar harada satış və gəlir imkanı görürsə, dərhal həmin istiqamətə məhsul göndərməyə çalışır. Biznes qlobal aləmdə bir növ “dünyanı ovuc içində saxlayır” yəni, bazarın istiqamətini artıq dövlətlər deyil, tələb və təklif müəyyənləşdirir.
Azərbaycan da bu prosesin fəal iştirakçısıdır. Ölkə iqtisadiyyatı açıq bazar prinsipləri ilə fəaliyyət göstərir, xaricdən müxtəlif istehsal və sənaye malları, xüsusilə də geyim, məişət və elektronika məhsulları idxal olunur. Bu, bir tərəfdən bazarın müxtəlifliyini və rəqabət mühitini artırsa da, digər tərəfdən keyfiyyətə nəzarət məsələsində müəyyən problemlər yaradır.
Hazırda Azərbaycana idxal olunan bir çox mallar, o cümlədən Özbəkistan, Türkiyə, Çin və digər ölkələrdən gətirilən sənaye məhsulları gömrükdən əsasən sənədlərə və rüsum ödənişlərinə əsasən keçir. Yəni məhsulun sertifikatı, mənşə sənədi və vergi ödənişi varsa, onun fiziki və kimyəvi tərkibinə dair ayrıca laborator və texniki yoxlama aparılmır. Bu, bir növ beynəlxalq ticarət azadlığının nəticəsidir , çünki azad bazar şəraitində dövlətin müdaxiləsi minimum səviyyədə saxlanılır. Əslində, bu mexanizm bir çox hallarda effektiv işləyir. İdxal olunan sənaye mallarının əksəriyyəti ilə bağlı bu günə qədər ciddi kütləvi şikayətlər qeydə alınmayıb. Lakin bu, keyfiyyətə tam zəmanət demək deyil. Qlobal ticarət axınında malların miqdarı o qədər çoxdur ki, hər partiyanın tam yoxlanması texniki və iqtisadi cəhətdən mümkün olmur.
Bu vəziyyət azad bazarın həm üstün, həm də riskli tərəfini göstərir: dövlət azad ticarətə mane olmur, lakin eyni zamanda istehlakçının təhlükəsizliyinə dair nəzarəti də tam təmin edə bilmir. Məsələn, geyim sənayesində və bəzi istehsal sahələrində məhsulların keyfiyyəti, istifadə olunan kimyəvi maddələr və insan sağlamlığına təsiri məsələləri çox vaxt istehsalçı ölkənin standartlarına əsaslanır. Halbuki bu standartlar ölkədən-ölkəyə dəyişir və bəzən istehlakçı üçün risk yaradır. Bu səbəbdən, azad bazar şəraitində keyfiyyətə ictimai nəzarət və maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. Əgər dövlət hər məhsulu texniki olaraq yoxlaya bilmirsə, bu halda istehlakçının məlumatlılığı və seçimi ön plana çıxmalıdır. İnsanlar nə alır, haradan alır, məhsulun mənşəyi nədir bunları bilməlidir.
Azad bazar iqtisadiyyatı təkcə pul qazanmaq və ticarət etmək sistemi deyil. O, həm də məsuliyyətli istehlak, etik biznes davranışı və keyfiyyətli məhsul istehsalı prinsiplərini tələb edir. Əks halda, iqtisadi azadlıq, sosial məsuliyyətsizliyə çevrilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB