"İsrailin qondarma erməni soyqırımını tanıması barədə qərarı, təbii ki, İsrail–Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər. Türkiyə Azərbaycanın müttəfiq ölkəsidir və Türkiyəyə qarşı yönəlmiş hər hansı proses dolayısı ilə Azərbaycana da təsir edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, qondarma soyqırımı iddialarının tanınması Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesinə də mənfi təsir göstərə bilər:
"Bu, müəyyən mənada revanşist qüvvələri ruhlandıra bilər. İsrail tərəfinin Azərbaycanın Xarici İşlər Nazirliyinin çağırışlarını nəzərə alıb-almayacağı hələ məlum deyil. Əgər bu qərar qəbul olunarsa, İsrail–Azərbaycan münasibətlərində müəyyən gərginlik yarana və əlaqələrin səviyyəsi aşağı düşə bilər. Yaxın dövrdə proseslər tamamilə fərqli istiqamətdə inkişaf edə bilər. Qondarma erməni soyqırımı iddiaları, əslində, İsrail tərəfindən Türkiyəyə qarşı xarici siyasət aləti kimi istifadə olunur. Tarixdə belə bir soyqırımı baş verməyib.
İsrail bu məsələdən siyasi alət kimi istifadə etməməlidir. Azərbaycan isə bu məsələyə həssas yanaşır və onu daim diqqətdə saxlayır. İsrail tərəfi bu kimi qərarlar qəbul edərkən Azərbaycanın mövqeyini də nəzərə almalıdır. Türkiyə Azərbaycanın ən vacib strateji tərəfdaşı və qardaş ölkəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB