"Hazırda Azərbaycan-Ermənistan münasibətlərini “idarə olunan normallaşma mərhələsi” kimi xarakterizə etmək olar" - ŞƏRH
"Azərbaycan və Ermənistan arasında münasibətlər son illərdə köklü dəyişiklik mərhələsinə daxil olub. Otuz ilə yaxın davam edən münaqişənin başa çatmasından sonra tərəflər arasında siyasi dialoq intensivləşib və sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə olunub". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, ekspertlər hesab edirlər ki, davamlı sülhün təmin olunması üçün hələ də bir sıra siyasi və hüquqi məsələlərin həlli zəruridir:
"Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Rəsmi Bakı bəyan edir ki, regionda uzunmüddətli sabitliyin təmin olunması beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan sülh sazişinin imzalanmasından keçir. Bunun üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların aradan qaldırılmasıdır.
Son dövrdə iki ölkə arasında birbaşa təmasların davam etməsi, sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyətini davam etdirməsi və müxtəlif platformalarda aparılan siyasi dialoq göstərir ki, tərəflər mübahisələri hərbi deyil, diplomatik yollarla həll etməyə üstünlük verirlər. Bu isə Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığını göstərən əsas amillərdən biri kimi qiymətləndirilir.
Hazırda Azərbaycan-Ermənistan münasibətlərini “idarə olunan normallaşma mərhələsi” kimi xarakterizə etmək olar. Bu mərhələdə tərəflər arasında tam diplomatik münasibətlər qurulmasa da, müharibə riskinin azaldılması, etimad mühitinin yaradılması və regional əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində iş aparılır. Hazırda müşahidə olunan proses göstərir ki, tərəflər sülh gündəliyini qoruyub saxlamaqda maraqlıdırlar. Bununla yanaşı, yekun nəticənin əldə olunması üçün hüquqi və siyasi maneələrin aradan qaldırılması vacibdir. Əgər bu proses ardıcıl şəkildə davam etdirilərsə, Cənubi Qafqaz uzun illərdən sonra sabit inkişaf mərhələsinə daxil ola bilər.
Sülh sazişinin imzalanması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə regionun iqtisadi inkişafına da müsbət təsir göstərəcək. Xüsusilə nəqliyyat dəhlizlərinin inkişafı, ticarət əlaqələrinin genişlənməsi və beynəlxalq investisiyaların artması yeni iqtisadi imkanlar yaradacaq. Beynəlxalq təşkilatlar və aparıcı dövlətlər də Cənubi Qafqazda sülhün bərqərar olmasını dəstəkləyir və tərəfləri dialoqu davam etdirməyə çağırırlar. Bu yanaşma regionun təhlükəsizliyi ilə yanaşı, Avropa və Asiyanı birləşdirən nəqliyyat marşrutlarının inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.
Müşahidəçilərin ümumi qənaətinə görə, Azərbaycan-Ermənistan münasibətləri hazırda münaqişə mərhələsindən çıxaraq normallaşma və sülh quruculuğu mərhələsinə keçid dövrünü yaşayır. Qarşıdakı aylarda siyasi qərarlar və Ermənistan tərəfinin nümayiş etdirəcəyi iradə regionda uzunmüddətli sabitliyin təmin olunmasında həlledici rol oynayacaq. Çünki ölkəmiz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib və yetirir. İndi rəsni İrəvan bütün siyasi və hüququ məsuliyyətini tam anlayaraq əməli və rasional addımlar atmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB