“Azərbaycan–Türkiyə tandemi mühüm rol oynamağa davam edəcək” - ŞƏRH

“Azərbaycan–Türkiyə tandemi mühüm rol oynamağa davam edəcək” - ŞƏRH

“Azərbaycan–Türkiyə münasibətlərinin dönməzliyini təmin edən saysız-hesabsız imzalanmış sənədlər mövcuddur. Bu imzalanmış, müxtəlif xarakterli dövlətlərarası, idarələrarası və təşkilatlararası sənədlər iki ölkənin əməkdaşlığının bütün istiqamətlərini əhatə edir”.

Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, eyni zamanda, bu sənədlər mövcud istiqamətlər üzrə əldə olunmuş nəticələrə həm yekun vurur, həm də yeni mərhələnin əsas vəzifələrini müəyyən edir:

“Bu mənada Azərbaycan–Türkiyə əməkdaşlığının həm dönməzliyi təmin olunur, həm də onun irəliyə doğru dinamik inkişafını təmin edən sənədlər artıq mövcuddur.

Buna görə də Türkiyə–Azərbaycan münasibətlərinin pozulacağı, yaxud zəifləyəcəyi ilə bağlı bəzi düşmən dairələrdə bəslənilən ümidlərin heç bir perspektivi yoxdur. Ancaq arxayınlaşmaq da olmaz. Çünki Azərbaycan–Türkiyə münasibətləri öz xarakterinə görə unikaldır. Bu münasibətlər həm qlobal, həm də regional miqyasda çox böyük və müsbət rol oynasa da, onların inkişafını istəməyən qüvvələr də var.

Həm regionumuzda, həm də dünya miqyasında Azərbaycan–Türkiyə münasibətlərinin dinamikasından narahat olan qüvvələr mövcuddur. Bu qüvvələr Azərbaycan–Türkiyə münasibətlərinin həm bu günündən, həm də gələcəyindən narahat olduqlarını gizlətmirlər. Ona görə də onlar hər fürsət düşdükcə Azərbaycan–Türkiyə münasibətlərinə kölgə salmağa, bu əlaqələri zəiflətməyə çalışırlar.

Bu səbəbdən hər iki ölkənin rəhbərliyi, həm ali səviyyədə, həm də dövlət aparatında çalışan şəxslər münasibətlərin inkişafına daim məsuliyyətlə yanaşmalıdırlar. Hətta ən xırda məsələlərin belə anlaşılmazlıq və ya soyuqluq yaratmaq ehtimalına imkan verilməməlidir.

Hazırda dünya yeni bir mərhələdən keçir. Yaxın Şərqdə və dünyanın digər bölgələrində nəticəsinin nə olacağı bilinməyən münaqişələr mövcuddur. Bu münaqişələrin demək olar ki, hamısına münasibətdə Azərbaycan və Türkiyənin mövqeyi eynidir. Onlar oxşar mövqedən çıxış edirlər. Lakin dünyanın yeni düzəninin formalaşdığı bir dövrdə Azərbaycan–Türkiyə əməkdaşlığının daha da gücləndirilməsinə ehtiyac var.

Bəzən müəyyən regional hadisələr iki ölkənin münasibətlərini sınağa çəkirmiş kimi görünə bilər və qərəzli dairələr bundan istifadə etməyə çalışırlar. Ancaq Azərbaycan–Türkiyə münasibətləri indiyədək elə böyük sınaqlardan uğurla çıxıb ki, heç bir kiçik sınaq bu münasibətlərə kölgə sala bilməz.

Azərbaycan–Türkiyə əməkdaşlığının və qardaşlığının böyük gələcəyi var. Bu gələcəkdən həm ikitərəfli müstəvidə danışmaq mümkündür, həm də Türk Dövlətləri Təşkilatı platforması çərçivəsində. Təşkilatın gələcək inkişafında Azərbaycan–Türkiyə tandemi mühüm rol oynamağa davam edəcək”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə