“Media sahəsində yeni dəyişikliklər institusional idarəetmənin təkmilləşdirilməsinə xidmət edir” - Sevil Mikayılova

“Media sahəsində yeni dəyişikliklər institusional idarəetmənin təkmilləşdirilməsinə xidmət edir” - Sevil Mikayılova

“‘Media haqqında" Qanuna təklif edilən dəyişikliklər müasir informasiya mühitinin çağırışlarına uyğun strateji yanaşmanı əks etdirir və media sahəsinin institusional əsaslarının daha da gücləndirilməsinə xidmət edir”.

SİA xəbər verir ki, bu sözləri Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Sevil Mikayılova parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, qlobal informasiya mühitində baş verən sürətli dəyişikliklər media sahəsində vahid və koordinasiyalı idarəetmə modelinin formalaşdırılmasını zəruri edir.

Onun sözlərinə görə, təklif olunan dəyişikliklər çərçivəsində Media və Yayım Şurasının yaradılması sektorun daha effektiv idarə olunmasına və qərarların institusional məsuliyyət əsasında qəbul edilməsinə imkan verəcək.

Sevil Mikayılova qeyd edib ki, yeni model media müstəqilliyinin qorunması ilə yanaşı, ictimai etimadın gücləndirilməsinə də xidmət edir.

Deputat vurğulayıb ki, Şuranın əsas fəaliyyət istiqamətlərindən biri normativ hüquqi aktlara əməl olunmasına nəzarətin gücləndirilməsi olacaq ki, bu da media mühitində vahid qaydaların tətbiqini təmin edəcək.

Onun sözlərinə görə, dəyişikliklər media subyektlərinin iqtisadi dayanıqlığının artırılmasına, innovasiyaların təşviqinə və rəqəmsal transformasiyaya uyğunlaşmasına da şərait yaradır.

Sevil Mikayılova əlavə edib ki, ictimai rəyin öyrənilməsi və media fəaliyyətinin təhlili sahəsində yeni mexanizmlər qərar qəbuletmənin daha operativ və effektiv olmasına imkan verəcək.

Deputat bildirib ki, sosial reklamlarla bağlı səlahiyyətlərin genişləndirilməsi ictimai əhəmiyyətli mesajların daha geniş auditoriyaya çatdırılmasına xidmət edəcək.

O qeyd edib ki, ümumilikdə qanun layihəsi Azərbaycanın media siyasətinin daha müasir, çevik və effektiv mərhələyə keçidini təmin edən mühüm addımdır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə