“Urbanizasiya artdıqca şəhərlərdə istilik dalğaları, daşqınlar, su çatışmazlığı da artır” - AĞAKƏRİM SƏMƏDZADƏ

“Dünya əhalisinin təxminən 58 faizi şəhərlərdə yaşayır və urbanizasiya artdıqca şəhərlər istilik dalğaları, daşqınlar, su çatışmazlığı və digər iqlim riskləri ilə daha çox üzləşir. Bununla yanaşı, təbiətə olan təzyiq də sürətlə artır. Bu səbəbdən təbiətə əsaslanan yanaşmalar həm mənzil siyasətində, həm də şəhərsalma layihələrində əsas istiqamətlərdən biri hesab olunmalıdır”.
SİA xəbər xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə WUF13 çərçivəsində "İqlim-mənzil əlaqəsi bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?" mövzusunda keçirilən sessiyada deyib.

A.Səmədzadə bildirib ki, şəhər inkişafı ilə təbiətin qorunması arasında balansın saxlanılması vacibdir:

Düşünürəm ki, təbiətə əsaslanan həllər şəhər planlaşdırılmasının bütün mərhələlərində nəzərə alınmalıdır. Azərbaycan artıq bu yanaşmanı mənzil və şəhər inkişafı siyasətində tətbiq edir. 2022–2026-cı illəri əhatə edən Sosial-İqtisadi İnkişaf Strategiyası və onun 2030-cu ilədək davamı “təmiz ətraf mühit və yaşıl artım” prioritetlərini ön plana çıxarır. Böyük Qayıdış proqramı çərçivəsində azad edilmiş ərazilərdə yaşıl enerji zonaları, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, həmçinin ekosistemin bərpası istiqamətində işlər həyata keçirilir”.

O əlavə edib ki, Azərbaycan və Türkiyə tərəfindən Cəbrayılda yaradılan birgə tingçilik mərkəzi Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıllaşdırma prosesinə dəstək verəcək.

“Azərbaycan yaxın zamanda NDC 3.0 sənədini təqdim edib və hazırda Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyası üzərində çalışır. Qarşıya qoyulan hədəflərə çatmaq üçün təbiətə əsaslanan həllər və ekosistemlərin bərpası xüsusi rol oynayacaq. Bu baxımdan, Azərbaycanın ev sahibliyi edəcəyi builki Ümumdünya Ətraf Mühit Günü “Təbiətdən ilhamlanaraq. İqlim üçün. Gələcəyimiz üçün” şüarı ilə keçiriləcək”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə