“Problemin şəhərlər və statistika qurumları səviyyəsində tanınması, qəbulu vacibdir” - UN-Habitat icraçı direktoru

“Biz qeyri-formal yaşayış məntəqələrinin transformasiyası məsələsini üzv dövlətlərlə birlikdə, mənzil təsərrüfatı üzrə fəaliyyət göstərən açıq işçi qrupu çərçivəsində müzakirə edirik. Hazırda bu qrupa Azərbaycan və Somali birgə həmsədrlik edir. Daha əvvəl isə həmsədrlər Keniya və Fransa olub. Problemin həlli istiqamətində siyasət xarakterli müvəqqəti tövsiyələr hazırlanıb”.
SİA xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib

O bildirib ki, məlumat və statistika problemin həllində əsas rol oynayır: “Əgər dəqiq məlumat bazası olmasa, biz Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci göstəricisini effektiv şəkildə izləyə bilmərik. Problemin həm şəhərlər, həm də milli statistika qurumları səviyyəsində tanınması və qəbul olunması olduqca vacibdir”.

İcraçı direktor qeyd edib ki, bu sahədə uğurlu layihələr mövcuddur, lakin artıq daha qətiyyətli addımlar atılmalıdır: “Sevindirici məqam odur ki, problemin həlli üçün siyasi iradə formalaşıb və bu təşəbbüslər yüksək səviyyəli liderlikdən qaynaqlanır. Ümid edirəm ki, bu dialoq da gündəliyimizin formalaşmasına mühüm töhfə verəcək”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə