"Bakının WUF13 ev sahibliyi qlobal nüfuzunun göstəricisidir" - POLİTOLOQ DANIŞDI
"Bakının Ümumdünya Şəhərsalma Forumu — WUF13-ə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq platformalarda artan siyasi və diplomatik çəkisinin növbəti təsdiqidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
_(1)_(1)_(2)_(1)_(1).jpg)
Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən siyasətçilərin, urbanistlərin, ekspertlərin və beynəlxalq təşkilat nümayəndələrinin Bakıya toplaşması göstərir ki, Azərbaycan artıq təkcə enerji və geosiyasət müstəvisində deyil, həm də qlobal şəhərsalma, dayanıqlı inkişaf və müasir idarəetmə məsələlərində söz sahibinə çevrilir: "WUF13-ün dünya mediasının diqqət mərkəzində olması təsadüfi deyil. Çünki forum həm də Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, “ağıllı şəhər” konsepsiyasının və postmünaqişə dövründə Qarabağda aparılan yenidənqurma siyasətinin beynəlxalq təqdimatı rolunu oynayır. Xarici media xüsusilə işğaldan azad edilmiş ərazilərdə qurulan yeni şəhər modellərinə maraq göstərir. Bu isə Azərbaycanın yumşaq güc imkanlarını genişləndirən mühüm amildir.
Digər tərəfdən, belə mötəbər tədbirlər Bakının regional diplomatiya mərkəzi statusunu daha da gücləndirir. Son illərdə COP29, Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən tədbirlər və indi də WUF13 Azərbaycanın qlobal gündəmdə aktiv aktora çevrildiyini nümayiş etdirir. Müasir dünyada beynəlxalq nüfuz yalnız hərbi və iqtisadi güclə ölçülmür. Böyük tədbirlərə təhlükəsiz, peşəkar və yüksək səviyyədə ev sahibliyi etmək də dövlətlərin imicinə birbaşa təsir edir. Bakı artıq bu sahədə özünü təsdiqləmiş şəhərlərdən biri kimi qəbul olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB