“Türküstan görüşü türk dünyasının yeni strateji xəritəsini müəyyənləşdirdi” - DEPUTAT DANIŞDI
“Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dünyasının siyasi, iqtisadi və geosiyasi inteqrasiyasında yeni mərhələnin başlanğıcı oldu. Zirvə görüşü çərçivəsində qəbul olunan Türküstan Bəyannaməsi yalnız ortaq niyyətlərin ifadəsi deyil, həm də qarşıdakı dövr üçün strateji inkişaf xəritəsidir”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklərin artdığı, yeni iqtisadi mərkəzlərin formalaşdığı bir vaxtda türk dövlətlərinin ortaq mövqe nümayiş etdirməsi xüsusi əhəmiyyət daşıyır:
”Türküstan görüşü göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq həm də regional və qlobal proseslərə təsir imkanları artan mühüm siyasi-iqtisadi birlikdir.
Zirvə görüşündə nəqliyyat və logistika məsələlərinin əsas prioritet kimi ön plana çıxarılması təsadüfi deyildi. Xüsusilə Orta Dəhlizin inkişafı ilə bağlı verilən mesajlar türk dövlətlərinin gələcək iqtisadi strategiyasının əsas istiqamətlərindən biri kimi diqqət çəkdi. Çinlə Avropa arasında alternativ və təhlükəsiz ticarət marşrutu hesab olunan Orta Dəhliz türk dövlətlərinin tranzit imkanlarını genişləndirməklə yanaşı, regionun qlobal iqtisadi sistemdə rolunu daha da gücləndirəcək.
Bu prosesdə Azərbaycanın rolu xüsusilə ön plana çıxır. Azərbaycanın təşəbbüsü ilə formalaşan müasir nəqliyyat infrastrukturu, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər üzərindən yükdaşımaların genişləndirilməsi və beynəlxalq liman imkanları Orta Dəhlizin əsas dayaqlarından birinə çevrilib. Azərbaycan türk dünyasının Şərq-Qərb bağlantısında strateji körpü rolunu daha da möhkəmləndirir.
Türküstan Bəyannaməsində rəqəmsal transformasiya və süni intellekt sahəsində əməkdaşlığa xüsusi diqqət ayrılması da yeni dövrün çağırışlarından irəli gəlir. Türk dövlətləri texnoloji inkişafın milli təhlükəsizlik və iqtisadi müstəqillik baxımından əhəmiyyətini nəzərə alaraq ortaq rəqəmsal platformaların yaradılması, elektron ticarətin genişləndirilməsi və innovasiya ekosisteminin inkişafı istiqamətində əməkdaşlığı gücləndirmək niyyətlərini ortaya qoydular.
Bəyannamənin diqqətçəkən məqamlarından biri də mədəni-humanitar sahədə əməkdaşlığın daha da genişləndirilməsidir. Ortaq tarixi irsin qorunması, elm və təhsil sahəsində inteqrasiyanın gücləndirilməsi, gənclər siyasətinin koordinasiyası türk dünyasında mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edir. Bu yanaşma gələcək nəsillər arasında ortaq kimlik və həmrəylik hissinin daha da güclənməsinə zəmin yaradır.
Türküstan Zirvə görüşü bir daha nümayiş etdirdi ki, türk dövlətləri həm ortaq tarix və mədəniyyət ətrafında, həmçinin iqtisadi maraqlar, texnoloji inkişaf və geosiyasi təhlükəsizlik məsələləri ətrafında birləşirlər. Bu birlik isə Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada təsir imkanlarını artırmaqla yanaşı, üzv dövlətlər arasında əməkdaşlığın daha da dərinləşməsinə yeni imkanlar açır.
Türküstan Bəyannaməsi qarşıdakı dövr üçün türk dünyasının ortaq strateji baxışını ortaya qoydu və təşkilatın gələcək fəaliyyət istiqamətlərini daha aydın şəkildə müəyyənləşdirdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB