“Yeni Şəhərsalma Gündəliyi iqlim çağırışlarına uyğun yenilənməlidir” - Anar Quliyev

“Biz iqlim dəyişikliyinə uyğunlaşmağın yollarını tapmalıyıq. WUF13-ün təkcə ilk günü çox fərqli hava şəraiti ilə yadda qaldı və bu da iqlim dəyişikliyinin real təsirlərindən biridir”.

SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasiminə həsr olunmuş mətbuat konfransında bildirib.

Komitə sədri qeyd edib ki, hazırda BMT-nin Yeni Şəhərsalma Gündəliyinin 10 illik icrası qiymətləndirilir: “Eyni zamanda qarşıdakı 10 ilə də nəzər yetirməliyik. Hesab edirəm ki, artıq növbəti onillik üçün Yeni Şəhərsalma və İqlim Gündəliyi haqqında danışmağa başlamağın vaxtıdır”.

Anar Quliyev vurğulayıb ki, iqlim dəyişikliklərinin təsirləri artıq gündəlik həyatda da aydın şəkildə müşahidə olunur: “Bakıda böyüyən bir insan kimi deyə bilərəm ki, may ayında bu qədər intensiv yağış görmək adi hal deyil. Bu, qarşılaşdığımız yeni reallığın göstəricisidir”.

Onun sözlərinə görə, məhz bu səbəbdən şəhərsalma, iqlim dayanıqlılığı və davamlı inkişaf mövzularında keçirilən beynəlxalq forumlar xüsusi əhəmiyyət daşıyır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə