“Missiyanın fəaliyyəti revanşist qüvvələrdə yanlış ümidlər yaradır” -DEPUTAT DANIŞDI
“Prezident İlham Əliyev Zəngilanda keçmiş məcburi köçkünlərlə görüşdə çox vacib mesajlar verdi. Dövlət başçımız Azərbaycan-Ermənistan sərhədindəki Avropa İttifaqı müşahidə missiyasının təxribatçı fəaliyyətilə bağlı bir daha ölkəmizin mövqeyini bəyan etdi”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan bölgədə yeni gərginlik ocaqlarının yaradılmasına imkan verməyəcək: “Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər.”
“Rəsmi Bakı haqlı olaraq hesab edir ki, Avropa İttifaqının sərhəd missiyası neytral müşahidə mexanizmi deyil, daha çox siyasi təsir alətinə çevrilməkdədir. Cənab Prezidentin də söylədiyi kimi, “guya ki, Ermənistanı bizdən qoruyurlar”.
Dövlət başçımızın çıxışında diqqət çəkən digər məqam Avropa missiyasına yeni finlandiyalı komandirin təyin olunmasına toxunması idi. Təbii ki, bu, sıradan kadr dəyişikliyi deyil. Görünən budur ki, sərhəddə müşahidə missiyasının genişlənməsi və onun fəaliyyətinin davamlı siyasi bəyanatlarla müşayiət olunması regionda etimadı artırmaq əvəzinə, Ermənistan daxilində revanşistlərin əl-qolunu açır. Missiyanın fəaliyyəti “təhlükəsizlik təminatı” görüntüsü yaradaraq İrəvandakı pozucu dairələrdə yanlış gözləntilər formalaşdırır.
Missiya real sülh gündəliyinə töhfə verməkdən daha çox sülh prosesini pozmağa çalışır.
Bölgədə dayanıqlı sabitlik müşahidə missiyalarının sayının artırılması ilə deyil, Ermənistanın revanşist siyasətdən imtina etməsi və sülh müqaviləsinin imzalanması ilə mümkündür.
Dövlət başçımızın Zəngilandakı çıxışında da söylədiyi kimi,
“biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada.”
2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatından sonra bölgədə yeni status-kvo yaranıb və mövcud reallıqlara zidd bütün təxribatlar nəticəsiz qalacaq. Azərbaycan bir daha mesaj verir ki, bölgədə təhlükəsizlik məsələləri kənar müdaxilə ilə deyil, regional siyasi razılaşmalarla həll olunmalıdır. Ermənistan xarici himayəyə arxalanmamalıdır.
Sərhəddə uzunmüddətli xarici missiyanın mövcudluğu etimad mühitini zədələyir, “binokl diplomatiyası” heç bir halda real sülh mexanizmini əvəz edə bilməz.
Prezidentin məhz Zəngilanda bu mesajları səsləndirməsi də təsadüfi deyil. Burada həyata keçirilən nəqliyyat, logistika və enerji layihələri bölgənin sabitliyinə, inkişafına xidmət edir. Cənab Prezidentin səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan bölgədə yeni qarşıdurma yox, yeni reallıqlar əsasında dayanıqlı sülh istiqamətində praktik addımlar gözləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB