“ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin xarakteri getdikcə dəyişməkdədir. Eyni zamanda onun yaxın zamanda başa çatmaq ehtimalı da getdikcə zəifləyir. Müharibənin xarakteri və hədəfləri dəyişdikcə, onun qısa müddətdə bitmə ehtimalı da azalır”. Bu sözləri SİA-ya açıqlamasımda siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, indiyə qədər ABŞ İranın raket texnikasını və nüvə texnologiyasını məhv etməyi özünə əsas hədəf kimi müəyyən etmişdi. Təbii ki, ABŞ-nin bu hədəfinə nail olub-olmadığı şübhə altındadır. Ona görə ki, Tramp İranın hava məkanına tam nəzarət etdiklərini bəyan etdiyi bir vaxtda, İran yüksək səviyyədə müqavimət göstərir:
“İran ABŞ-nın “gözəgörünməz” sayılan təyyarələrini vurur, İsrailin isə “Dəmir Qübbə” sistemini dəfələrlə yararaq onun strateji nöqtələrinə zərbələr endirir. Bu isə onu göstərir ki, İranın nüvə texnologiyasının və raket sənayesinin tam məhv edildiyi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.
Hazırkı şəraitdə Trampın bu mövqedə çıxış etməsi, yəni İranın raket və nüvə texnologiyasını məhv etdiklərini tez-tez təkrar etməsi onu göstərir ki, ABŞ artıq müharibədə başqa hədəflərə yönəlib.
İndi əsas hədəflər daha çox iqtisadi və maliyyə xarakteri daşıyır. ABŞ Hörmüz boğazının açıq saxlanmasına nail olmaq, onun təhlükəsizliyi və gəlirlərinə nəzarəti ələ almaq və ya bunu İranla bölüşmək istəyir. İran isə Hörmüz boğazını özünün təbii haqqı hesab edir və onun təhlükəsizliyi və iqtisadi imkanları üzərində nəzarəti başqa dövlətlə bölüşmək istəmir.
Bu baxımdan, qarşıdakı dövrdə ABŞ və İran arasında əsas qarşıdurmanın Hörmüz boğazı uğrunda gedəcəyi ehtimal olunur. Hörmüz boğazına kimin nəzarət edəcəyi məsələsi artıq bu qarşıdurmanın əsas mövzusuna çevrilib. Lakin bu məsələnin həlli perspektivi hələlik görünmür. Çünki tərəflərin mövqeləri tamamilə ziddiyyətlidir.
Tramp bildirir ki, boğaz ABŞ-ın nəzarətində olmalıdır, İran isə bunun öz nəzarətində qalmalı olduğunu deyir. Ortaq məxrəcə gəlmək üçün hər hansı real əlamətlər müşahidə olunmur.
Buna görə də ABŞ-İran qarşıdurmasının hələ uzun müddət davam etmə ehtimalı yüksəkdir. Hətta müəyyən bir atəşkəs razılaşması əldə olunsa belə, onun davamlı olacağı şübhə doğurur. Çünki ABŞ-nın müttəfiqi olan İsrail atəşkəs rejiminə tez-tez zərbələr vurur və onu öz növbəti hərbi addımları üçün əsas kimi istifadə etməyə çalışır.
İsrail İranla atəşkəsə razılaşsa da, Livan istiqamətində atəşkəsi qəbul etmir. Bu isə onu göstərir ki, İsrail İranı neytrallaşdırmaqla yanaşı, yaranmış vəziyyətdən istifadə edərək Livanda mövqelərini genişləndirməyə çalışır.
Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-İran qarşıdurması hələ uzun müddət davam edə bilər və onun yaxın zamanda bitməsi real görünmür. Bu vəziyyət isə dünya iqtisadiyyatına, xüsusilə enerji bazarına mənfi və ağır təsirlər göstərməkdə davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB