"Azərbaycan-Rusiya dialoqu praqmatik və sabit xətt üzrə inkişaf edir" - ŞƏRH EDİLDİ
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk ilə görüşü regionda artan geosiyasi gərginlik fonunda xüsusi siyasi və diplomatik əhəmiyyət daşıyır".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, bu görüş bir daha göstərdi ki, Bakı və Moskva münasibətləri emosional deyil, praqmatik və qarşılıqlı maraqlara əsaslanan xətt üzrə inkişaf etdirməyə çalışır: "İlk növbədə, Rusiya vətəndaşlarının İran ərazisindən təxliyəsində Azərbaycanın operativ dəstəyinə görə təşəkkürün ifadə olunması rəsmi Bakının regionda məsuliyyətli və etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Bu, Azərbaycanın humanitar və təhlükəsizlik məsələlərində çevik diplomatiya yürütmək qabiliyyətini bir daha nümayiş etdirir. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında 2025-ci il 9 oktyabr tarixində Düşənbə şəhərində əldə olunmuş razılaşmaların icrasının vurğulanması iki ölkə arasında ali səviyyəli siyasi dialoqun davamlı xarakter daşıdığını göstərir. Bu, münasibətlərin təsadüfi deyil, sistemli və strateji çərçivədə inkişaf etdirildiyini sübut edir. Eyni zamanda, 2024-cü il 25 dekabr tarixində “Azərbaycan Hava Yolları”a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı məsələlərin kompleks şəkildə həllinə dair niyyətin ifadə olunması göstərir ki, tərəflər həssas məsələləri də qarşılıqlı dialoq yolu ilə nizamlamağa üstünlük verirlər. Bu isə münasibətlərin böhran idarəetmə mexanizmlərinin işlək olduğunu göstərir.
İqtisadi sahədə əməkdaşlıq məsələləri xüsusi diqqət çəkir. Azərbaycan–Rusiya münasibətlərinin əsas dayaqlarından biri iqtisadi-ticari və nəqliyyat-logistika əməkdaşlığıdır. Xüsusilə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”nin inkişafı iki ölkənin regional tranzit və ticarət mərkəzi kimi mövqelərini gücləndirməyə xidmət edir. Bu dəhliz təkcə Bakı və Moskva üçün deyil, bütövlükdə Avrasiya məkanında yeni geoiqtisadi konfiqurasiyanın formalaşmasına təsir göstərən mühüm layihədir. Regionda nəqliyyat əlaqələrinin genişləndirilməsi məsələsinin müzakirəsi göstərir ki, Azərbaycan Cənubi Qafqazda nəqliyyat və kommunikasiya mərkəzi rolunu daha da möhkəmləndirmək niyyətindədir. Bu isə ölkənin çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunun məntiqi davamıdır. Humanitar məsələlərin də gündəlikdə olması münasibətlərin yalnız siyasi və iqtisadi deyil, həm də ictimai-humanitar müstəvidə inkişaf etdiyini göstərir. Dövlətlərarası dialoqun ənənəvi dostluq və konstruktiv mühitdə keçməsi isə tərəflərin açıq qarşıdurmadan qaçaraq əməkdaşlıq formatını qorumağa çalışdıqlarını təsdiqləyir. Ümumilikdə, bu görüş Azərbaycan–Rusiya münasibətlərinin mürəkkəb regional reallıqlar fonunda belə sabit, praqmatik və qarşılıqlı maraqlara əsaslanan xətt üzrə inkişaf etdiyini nümayiş etdirir. Bakı öz milli maraqlarını qorumaqla yanaşı, regionda sabitliyin və iqtisadi inteqrasiyanın təşviqinə yönəlmiş siyasət yürüdür və bu siyasət hazırkı geosiyasi şəraitdə ölkənin mövqelərini daha da gücləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB