"Sülh arzuolunandır, amma strateji ehtiyatlılıq vacibdir" - POLİTOLOQ DANIŞDI

"Ermənistanda baş verən son proseslər - istər sülh danışıqları, istər referendum və konstitusiya ilə bağlı müzakirələr - hələ real nəticə verəcək mərhələdə deyil. Ermənistan tərəfi artıq mesajlarında göstərir ki, konstitusiyanın dəyişdirilməsi məsələsini ciddi öhdəlik kimi qəbul etmir. Onlar bildirirlər ki, əsas dəyişiklik preambulaya aid ola bilər və bunun üçün fundamental konstitusiya islahatı vacib deyil. Bu isə o deməkdir ki, cəmiyyət daxilində də bu məsələyə tam siyasi iradə formalaşmayıb".

Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, müxtəlif bəhanələr səsləndirilir və proses uzadılır: "Burada əsas məqsəd vaxt qazanmaqdır. Buna görə də həddindən artıq optimist olmamalı, reallıqları düzgün qiymətləndirməliyik. Qarşı tərəfin ritorikasında xoş səslənən bəyanatlar olsa da, siyasi praktikada bunun əksini görə bilərik. Tarix göstərib ki, emosional bəyanatlarla real siyasi addımlar arasında ciddi fərq olur.

Eyni zamanda Ermənistanın son dövrlər ABŞ-la münasibətlərini intensivləşdirməsi diqqət çəkir. Baş nazir Nikol Paşinyan hakimiyyətini möhkəmləndirmək üçün Qərb istiqamətini gücləndirməyə çalışır. ABŞ-la enerji, texnologiya və müdafiə sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunur. Bu fonda Vaşinqtonun rolu və mümkün siyasi dəstəyi də nəzərə alınmalıdır.

Digər tərəfdən, ABŞ siyasətində də dəyişən faktorlar mövcuddur. Donald Tramp kimi fiqurların mümkün siyasi təsiri və prioritetləri fərqli ola bilər. Lakin beynəlxalq münasibətlərdə əsas olan fərdlərdən daha çox dövlət maraqlarıdır. Buna görə də yalnız bəyanatlara əsaslanmaq düzgün olmaz.

Azərbaycan həm diplomatik prosesə sadiq qalmalı, həm də mümkün risk ssenarilərinə hazır olmalıdır. Sülh prosesi arzuolunandır, lakin təhlükəsizlik məsələlərində strateji ehtiyatlılıq vacibdir. Dövlət siyasətində əsas prinsip nikbinliklə yanaşı realist və praqmatik yanaşmanın qorunmasıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə