"Xocalı həqiqətlərinin tanınması sistemli və davamlı diplomatiya tələb edir" - ŞƏRH EDİLDİ
"Xocalı faciəsinin beynəlxalq səviyyədə hüquqi və siyasi qiymət alması məsələsi yalnız tarixi ədalətin bərpası deyil, eyni zamanda beynəlxalq münasibətlər sistemində informasiya, diplomatiya və hüquq mexanizmlərinin effektiv istifadəsi ilə birbaşa bağlıdır. Bu məsələni yalnız emosional və ya xatirə xarakterli yanaşma ilə deyil, sistemli və uzunmüddətli dövlət strategiyası çərçivəsində aparmaq zəruridir". Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması prosesinin ləng getməsinin əsas səbəblərindən biri qlobal siyasətdə maraqların humanitar məsələlərdən üstün tutulmasıdır: "Böyük dövlətlər və beynəlxalq təşkilatlar qərar qəbul edərkən ilk növbədə geosiyasi balansı, regional maraqları və siyasi riskləri nəzərə alırlar. Bu səbəbdən humanitar faciələrin hüquqi qiymət alması çox vaxt siyasi iradədən və diplomatik aktivlikdən asılı olur. Bu istiqamətdə Azərbaycanın əsas prioriteti hüquqi-diplomatik fəaliyyətin gücləndirilməsi olmalıdır. Beynəlxalq təşkilatlar, parlamentlər və hüquq institutları ilə sistemli iş aparmaq, Xocalı ilə bağlı sənədlərin, şahid ifadələrinin və hüquqi sübutların beynəlxalq hüquq müstəvisində təqdim edilməsi mühüm əhəmiyyət daşıyır. Soyqırımı və ya insanlığa qarşı cinayət kimi hüquqi terminologiyanın əsaslandırılması üçün akademik və hüquqi platformalarda fəaliyyət genişləndirilməlidir. Digər mühüm istiqamət informasiya və ictimai diplomatiya sahəsidir. Müasir dövrdə beynəlxalq rəyin formalaşmasında media, sosial şəbəkələr, sənədli filmlər, beynəlxalq konfranslar və analitik hesabatlar xüsusi rol oynayır. Xocalı həqiqətlərinin müxtəlif dillərdə, obyektiv faktlar və insan taleləri üzərindən təqdim edilməsi emosional təsirdən daha çox etibarlılıq və inandırıcılıq yaradır. Xüsusilə gənc nəsil, xarici akademik dairələr və beyin mərkəzləri ilə əməkdaşlıq bu istiqamətdə strateji əhəmiyyət daşıyır. Eyni zamanda, parlament diplomatiyası və diaspor fəaliyyətinin gücləndirilməsi də vacibdir. Müxtəlif ölkələrin qanunverici orqanlarında Xocalı ilə bağlı qətnamələrin qəbul edilməsi uzunmüddətli siyasi yaddaşın formalaşmasına xidmət edir. Diaspor təşkilatlarının koordinasiyalı fəaliyyəti, yerli ictimaiyyətlə əlaqələrin qurulması və beynəlxalq tədbirlərin təşkili bu prosesin effektivliyini artırır.
Post-münaqişə dövründə regional sabitlik fonunda Xocalı məsələsinin təqdimatı daha çox hüquqi ədalət və humanitar məsuliyyət kontekstində aparılmalıdır. Bu yanaşma beynəlxalq auditoriyada mövzunun siyasiləşdirilməsi ilə bağlı narahatlıqları azaldır və məsələnin universal dəyərlər – insan hüquqları, mülki əhalinin qorunması və beynəlxalq humanitar hüquq çərçivəsində qəbul olunmasına imkan yaradır. Xocalı faciəsinin beynəlxalq səviyyədə daha geniş tanınması qısamüddətli kampaniyalarla deyil, hüquqi əsaslandırma, ardıcıl diplomatiya, güclü informasiya siyasəti və beynəlxalq akademik-ictimai əməkdaşlıq üzərində qurulmuş kompleks strategiya tələb edir. Bu istiqamətdə sistemli və davamlı fəaliyyət tarixi həqiqətlərin beynəlxalq səviyyədə qəbul olunmasının əsas şərti hesab olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB