“Azərbaycan artıq özünü qlobal aktor kimi təsdiq edib” - ŞƏRH

“İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin Azərbaycana səfəri və xüsusən bu səfərin ABŞ və İran arasında danışıqlar dövrünə təsadüf etməsi Azərbaycanın geosiyasi təhlükəsizlik konfiqurasiyasında artan rolunun göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, İran hazırda beynəlxalq münasibətlər sistemində özünün ən mürəkkəb sınaqları üz-üzə qalıb, artıq onillərdir davam edən iqtisadi sanksiyaların yanı sıra cənub qonşumuz hərbi müdaxilə təhdidi yaşamaqdadır:

”Ötən dövr ərzində İranın mühafizəkar kəsiminin tutduğu mövqe, o cümlədən rəsmi Tehranın xarici siyasət kursunda seçdiyi prioritetlər, İranın müttəfiqlərinin ya sıradan çıxması, yaxud Rusiya-Ukrayna münaqişəsi fonunda Moskvanın timsalında başının öz problemlərinə qarışması vəziyyəti xeyli dərəcədə İranın əleyhinə dəyişib. Belə bir şəraitdə, təbii ki, İran yeni geosiyasi şəraitə uyğunlaşmağı və mümkün təhdidlərin neytrallaşması üçün regionda təhlükəsiz mühitə nail olmağı özünün prioritetləri kimi müəyyən etməkdə çox haqlıdır. Aydındır ki, Azərbaycan Respublikası tarixin heç bir dövründə öz ərazisindən heç bir qonşusunun əleyhinə, o cümlədən İrana qarşı istifadə edilməsinə imkan verməyib. Münasibətlərin hətta ən gərgin dövründə belə Azərbaycan Prezidenti Azərbaycan Respublikasının ərazisindən cənub qonşumuzun təhlükəsizliyinə təhdid yaradacaq hər hansı fəaliyyətdə istifadə oluna bilməyəcəyini dəfələrlə bəyan edib. İranda mühafizəkar kəsim, o cümlədən Pezeşkiana qədərki hakimiyyətlər bu reallıqları tam şəkildə dərk edə bilməsə də, hazırkı İran iqtidarı situasiyanın fərqindədir və təsadüfi deyil ki, Tehrandan son zamanlar nümayiş olunan mövqe, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı yanaşmalar Bakını qane etməkdədir. Eyni zamanda İrandan fərqli olaraq Azərbaycanın qlobal müstəvidə rolu və mövqeyi xeyli güclənməkdə, cənab İlham Əliyev qlobal aktorlardan birinə çevrilməkdədir. Bakı cənab İlham Əliyevin çoxvektorlu xarici siyasət kursunun uğurunun nəticəsi olaraq həm Qərblə, həm İslam dünyası ilə, eyni zamanda İsraillə kifayət qədər praqmatik və korrekt yol xəritəsinə malik əməkdaşlıq qura bilib. Digər tərəfdən, ötən dövr ərzində Azərbaycan Prezidentinin İsrail-Türkiyə, Rusiya-Türkiyə, Suriya-İsrail arasında münasibətlərin normallaşdırılması istiqamətində önəmli rollardan birini üstləndiyi sirr deyil.
Belə bir situasiyada Tehranın Qərb və İsraillə dil tapılması istiqamətində Azərbaycana mümkün potensial vasitəçi qismində baxması, yaxud belə bir ehtimalların meydana çıxması tam təbii görünür. Təsadüfi deyil ki, İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin Azərbaycan Prezidentinin qəbulunda olarkən daha çox diqqəti Azərbaycanla İran arasında münasibətlərin yeni dövrünə, o cümlədən cənab Pezeşkianın Azərbaycanın təəssübkeş olması barədə fikirlərinə yönəltməsi müşahidə olundu. Proseslərin sonrakı axarının hansı istiqamətdə cərəyan edəcəyini proqnozlaşdırmaq çətindir, lakin indiki halda görünən odur ki, artıq Azərbaycan özünü qlobal aktor kimi təsdiq edə və xüsusən regional problemlərdə həlledici mövqeyə malik ola biləcəyini qəbul etdirə bilib”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə