“Qərbi Azərbaycan İcması tarixi ədalətin bərpası uğrunda mübarizə aparır“ - DEPUTAT DANIŞDI
“Qərbi Azərbaycan İcmasının Azərbaycan–Ermənistan normallaşma prosesinə qarşı yönəlmiş təxribatçı fəaliyyətləri kəskin şəkildə pisləməsi beynəlxalq hüquq normalarına tam uyğundur”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, bu prosesə qərəzli yanaşma nümayiş etdirən dövlətlər və siyasi dairələr öz mövqelərini yenidən nəzərdən keçirməlidirlər:
”Çünki Ermənistan ərazisindən 250 mindən artıq azərbaycanlı zorla deportasiya olunmuş, ağır humanitar və sosial şəraitlə üzləşmiş və bu gün də öz doğma torpaqlarına qayıtmaq uğrunda mübarizə aparmaqdadır. Uzun illər ərzində baş vermiş repressiya və təcavüz faktları hüquqi baxımdan Qərbi Azərbaycan İcması tərəfindən sənədləşdirilir, real sübutlar əsasında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.
Azərbaycanın Ermənistan üzərində qazandığı qələbədən sonra İcmanın bu istiqamətdə fəaliyyəti daha da genişləndirilib və bu, mövcud siyasi-hüquqi reallıqlar baxımından məqsədəuyğundur. Hazırda Azərbaycan və Ermənistan arasında normallaşma prosesi davam edir. Avqust ayında Vaşinqtonda imzalanmış üçtərəfli razılaşma, 907-ci düzəlişin dondurulması və bir sıra mühüm beynəlxalq təşəbbüslər sülh müqaviləsinin bağlanmasına real zəmin yaradır və bu prosesə dəstək verir.
Bununla yanaşı, təəssüf doğuran hal ondan ibarətdir ki, bəzi xarici dairələr, xüsusilə Fransa və Rusiyanın müəyyən siyasi nümayəndələri normallaşma prosesini ləngitmək və Azərbaycanın əldə etdiyi siyasi-hərbi uğurlara kölgə salmaq məqsədilə əsassız mövqelər irəli sürürlər. Lakin bu iddiaların heç bir hüquqi və faktiki əsası yoxdur. Azərbaycan öz ərazilərini işğaldan azad etmiş, suverenliyini tam bərpa etmiş və qonşu dövlətlərin ərazilərinə qarşı heç bir iddia irəli sürməmişdir.
Bu gün Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq hüququ beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır. Onlar uzun illər həmin torpaqlarda yaşamış, sosial-mədəni həyat formalaşdırmış və öz tarixi varlıqlarını bu ərazilərdə reallaşdırmışlar. İrəvan və ətraf bölgələr tarixi Azərbaycan torpaqlarıdır və Ermənistan dövlətinin həmin ərazilərdə yaradılması tarixi fakt kimi mövcuddur.
Məhz bu səbəbdən soydaşlarımızın öz doğma torpaqlarına dinc və təhlükəsiz şəkildə qayıtmaq hüququ bərpa olunmalıdır. Qərbi Azərbaycan İcması da bu mövqedən çıxış edərək, hüquqi müstəvidə ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. İcma ətrafında birləşən ziyalılar, alimlər və mütəxəssislər tarixi sənədlərə və beynəlxalq hüquq normalarına əsaslanaraq, beynəlxalq təşkilatlara müraciətlər edir, xarici ölkələrdə institusional fəaliyyət qurur və haqq səslərini qlobal ictimaiyyətə çatdırırlar. Bu fəaliyyət həm hüquqi baxımdan legitimdir, həm də tarixi ədalətin bərpasına xidmət edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB