"Prezident İlham Əliyevin sülh və humanitar siyasətinə qlobal etimad göstərilir” - ŞƏRH EDİLDİ

"Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təsadüfi hadisə deyil və bu qərar Azərbaycanın son illərdə apardığı ardıcıl, balanslı və məsuliyyətli xarici siyasətin beynəlxalq miqyasda tanınmasının göstəricisidir. Bu mükafat ilk növbədə dövlət başçısının regional sülhün bərqərar olunması, qarşıdurmaların dialoq yolu ilə həlli və humanitar dəyərlərin təşviqi istiqamətində atdığı addımlara verilən siyasi və mənəvi qiymət kimi dəyərləndirilməlidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycan postmünaqişə dövründə revanşist ritorikadan uzaq duraraq, regionda dayanıqlı sülh və əməkdaşlıq mühitinin formalaşmasını prioritet elan edib: "Prezident İlham Əliyevin çıxış və təşəbbüslərində multikulturalizm, dini tolerantlıq və sivilizasiyalararası dialoq əsas xətt kimi ön plana çıxır. Bu yanaşma yalnız daxili siyasətdə deyil, beynəlxalq platformalarda da Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edilməsinə şərait yaradır. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məhz bu mərhələdə Azərbaycan Prezidentinə təqdim olunması onu göstərir ki, ölkəmizin sülh və humanizmə əsaslanan siyasi xətti artıq qlobal dini və mənəvi mərkəzlər tərəfindən də qəbul edilir. Roma Papası və Əl-Əzhər Şərifin şeyxi kimi nüfuzlu dini liderlərin bu mövqeyi dəstəkləməsi Azərbaycanın dinlərarası dialoqda körpü rolunu gücləndirir. Bu isə klassik diplomatiyanı tamamlayan güclü “yumşaq güc” elementidir. Uzunmüddətli perspektivdə bu mükafat Azərbaycanın beynəlxalq imicinə mühüm töhfə verəcək. Ölkə təkcə enerji və təhlükəsizlik tərəfdaşı kimi deyil, həm də sülhün, insan qardaşlığının və bəşəri dəyərlərin təşviqçisi olan siyasi aktor kimi mövqeyini möhkəmləndirəcək. Bu da Azərbaycanın beynəlxalq təşəbbüslərdə rolunun artmasına və yeni diplomatik imkanların açılmasına zəmin yaradacaq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə