“Prezident Azərbaycanın sülh və multikulturalizm siyasətini vurğuladı” - DEPUTAT DANIŞDI
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 fevral 2026-cı il tarixində Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində sülhə, humanizmə və qarşılıqlı anlaşmaya əsaslanan dövlət siyasətinin mahiyyətini aydın şəkildə ortaya qoymuşdur”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, dövlət başçısının çıxışı Azərbaycanın multikulturalizm, dinlərarası dialoq və sivilizasiyalararası əməkdaşlıq prinsiplərini deklarativ deyil, ardıcıl və praktik şəkildə həyata keçirilən siyasi xətt kimi qəbul etdiyini bir daha təsdiqləmişdir:
”Prezident İlham Əliyev çıxışında regionda formalaşmış yeni siyasi və təhlükəsizlik reallıqlarına toxunaraq, Azərbaycan ilə Ermənistan arasında uzun illər davam etmiş qarşıdurmadan sonra sülhə doğru keçidin əsasını güclü siyasi iradə və prinsipial mövqenin təşkil etdiyini vurğulamışdır. Bu kontekstdə qeyd edilmişdir ki, sülh prosesi yalnız siyasi bəyanatlarla deyil, konkret və funksional mexanizmlərlə möhkəmləndirilməlidir. Nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, iqtisadi və ticarət münasibətlərinin inkişafı, eləcə də regional əməkdaşlıq formatlarının təşviqi sülhün institusional əsaslarının formalaşdırılmasında mühüm rol oynayır.
Dövlət başçısı eyni zamanda etimad mühitinin yaradılmasının dayanıqlı sülh üçün əsas şərt olduğunu xüsusi qeyd etmiş, bu prosesdə beynəlxalq ictimaiyyətin obyektiv və prinsipial mövqeyinin əhəmiyyətini ön plana çəkmişdir. Azərbaycanın təşəbbüsü ilə regionda suverenlik, ərazi bütövlüyü və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yeni əməkdaşlıq modelinin təşviq edilməsi ölkənin təhlükəsizlik və xarici siyasət strategiyasının mühüm tərkib hissəsi kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyevin Əbu-Dabidə səsləndirdiyi bu yanaşmalar onu göstərir ki, Azərbaycan uzunmüddətli münaqişə təcrübəsindən çıxmış bir dövlət kimi sülhün mürəkkəb, lakin mümkün proses olduğunu real siyasi təcrübə ilə sübut edir. Bu yanaşma Azərbaycanın yalnız regional səviyyədə deyil, daha geniş beynəlxalq müstəvidə də barış, dialoq və əməkdaşlıq ideyalarının təşviqinə töhfə verən aktor kimi mövqeyini möhkəmləndirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB