“Prezidentin sülhə yönəlmiş siyasəti artıq konkret nəticələr verməkdədir” - ŞƏRH EDİLDİ

“Azərbaycan Prezidenti İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması onun regional və qlobal miqyasda sülhün bərqərar olunmasına verdiyi ardıcıl və prinsipial töhfələrin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin bariz nümunəsidir”.

Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, cənab Prezident dəfələrlə çıxışlarında vurğulamışdır ki, sülh təşəbbüskarı olan, real addımlar atan və sülhün möhkəmlənməsinə əməli töhfə verən ölkə məhz Azərbaycandır:

”Bu fikirlər yalnız bəyanatlarla məhdudlaşmır, konkret siyasi, diplomatik və iqtisadi addımlarla öz təsdiqini tapır.

Bu gün bölgədə baş verən proseslər göstərir ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və qonşu ölkələrlə münasibətlərin normallaşması üçün real zəmin formalaşdırır. Sülh prosesinin davamı olaraq Azərbaycan və Ermənistan arasında ticari-iqtisadi münasibətlər mərhələli şəkildə inkişaf edir. Artıq Azərbaycan neftinin Ermənistana ixrac olunması regionda yeni iqtisadi reallıqların formalaşdığını göstərir. Eyni zamanda, Rusiyadan Ermənistana göndərilən məhsulların Azərbaycan ərazisi vasitəsilə daşınması ölkəmizin regional nəqliyyat və logistika mərkəzi kimi artan rolunu bir daha nümayiş etdirir.

Bütün bunlar onu deməyə əsas verir ki, sülh yalnız siyasi dialoqla deyil, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimadın gücləndirilməsi yolu ilə möhkəmlənir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi çərçivəsində baş tutan görüşlər, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyanla olan təmaslar iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür görüşlər qarşılıqlı anlaşmanın dərinləşməsinə, gərginliyin azalmasına və uzunmüddətli sülhün təmin olunmasına mühüm töhfə verir. Azərbaycan Prezidentinin sülhə yönəlmiş siyasəti artıq konkret nəticələr verməkdədir və bu siyasət regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın əsas təminatçısı kimi çıxış edir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə