“ABŞ-ın bir sıra beynəlxalq təşkilatlardan çıxması, onlara olan etimadı zəiflədib” - ŞƏRH OLUNDU

“Müasir beynəlxalq münasibətlər sistemində dərin transformasiya prosesi müşahidə olunur. ABŞ-ın bir sıra beynəlxalq təşkilat və institutlardan çıxması və ya bu strukturlarla əməkdaşlığı minimuma endirməsi qlobal idarəetmə mexanizmlərinə olan etimadı ciddi şəkildə zəiflədib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, bu tendensiya beynəlxalq təşkilatların effektivliyi, legitimliyi və münaqişələrin həllində real təsir gücü ilə bağlı sualları daha da aktuallaşdırır:

Eyni zamanda, beynəlxalq təhlükəsizlik arxitekturasının əsas sütunlarından biri hesab edilən NATO-nun gələcəyi ilə bağlı müzakirələrin intensivləşməsi mövcud sistemin dayanıqlılığına dair narahatlıqları artırır. Alyans daxilində strateji baxış fərqləri, yük bölgüsü ilə bağlı fikir ayrılıqları və siyasi etimadsızlıq onun institusional bütövlüyünü risk altına qoyur. Bu proseslər beynəlxalq institutlara olan ümumi inamın dərin şəkildə sarsıldığını göstərir.

Beynəlxalq təşkilatların münaqişələrin qarşısının alınması və idarə olunmasında zəif performans göstərməsi də bu böhranın əsas səbəblərindən biridir. Xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qərarların qəbulunda daimi üzvlərin veto hüququnun mövcudluğu qurumun operativliyini və funksionallığını ciddi şəkildə məhdudlaşdırır. Beş daimi üzvün milli maraqlara əsaslanan mövqeləri bir çox hallarda qlobal təhlükəsizlik və humanitar məsələlərin həllini iflic vəziyyətinə salır, resursların səfərbər olunmasını mümkünsüz edir.

Bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” ifadəsi mövcud beynəlxalq sistemə yönəlmiş prinsipial tənqid kimi çıxış edir. Bu yanaşma qlobal qərar qəbuletmə mexanizmlərinin daha ədalətli, inklüziv və representativ formada yenidən qurulması zərurətini gündəmə gətirir.

ABŞ-ın xüsusilə Donald Tramp administrasiyası dövründə açıq şəkildə milli maraqları prioritetləşdirən və çoxtərəfli mexanizmlərdən uzaqlaşan siyasəti beynəlxalq institutların zəifləməsi prosesini sürətləndirib. Bu isə qlobal sistemdə normativ boşluqların yaranmasına, idarəolunmazlığın artmasına və gələcəkdə daha dərin geosiyasi və təhlükəsizlik böhranlarının formalaşması riskinə yol açır. Mövcud tendensiyalar göstərir ki, beynəlxalq münasibətlər sistemi yeni qaydalar və yeni institutlar axtarışı mərhələsinə qədəm qoyub”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə