“Həmrəylik Günü dünya mədəniyyətinin tərkib hissəsinə çevirməyə çalışmaq deməkdir” - ŞƏRH EDİLDİ

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü tarixi baxımdan çox dərin olmasa da, qısa müddətdə hər bir azərbaycanlının qəlbində və düşüncəsində öz yerini tutub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydən Mirzəzadə deyib.

Onun sözlərinə görə, yeni təqvim ili ərəfəsində, azərbaycanlı harada yaşamasından asılı olmayaraq, Azərbaycan xalqına, torpağına, mədəniyyətinə bağlı olduğunu bir daha hiss edir:

“Həmrəylik gününü yaşatmaq üçün öz fəaliyyətində nə etdiyini düşünür və eyni zamanda yaşadığı ölkənin yaxşı vətəndaşı olmaq üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır. Həmrəylik Günü tariximizi, mədəniyyətimizi yaşatmaq, öz dəyərlərimizi dünya mədəniyyətinin tərkib hissəsinə çevirməyə çalışmaq deməkdir. Eyni zamanda, digər xalqların mədəniyyətinə və dəyərlərinə hörmətlə yanaşmaq və öz mədəniyyətimizi daha da zənginləşdirmək üçün səy göstərməkdir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü həm də ötən ilin hesabatı deməkdir – uğurlarımıza sevinmək, qarşıda duran məsələlərin həllində dövlətin, cəmiyyətin və hər bir vətəndaşın üzərinə düşən vəzifələri bir daha nəzərdən keçirmək günüdür.

Bu münasibətlə bütün azərbaycanlıları təbrik edir, Azərbaycanın dünyada sülhə, əmin-amanlığa və əməkdaşlığa daim töhfə verəcəyinə, həmişə ayaq üstə möhkəm dayanacağına inamımı ifadə edirəm”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə