“2025-ci ildə iqtisadi diplomatiyada yeni tendensiyalar formalaşır” - Nazir

"2025-ci ildə yeni tendensiyaların müşahidə olunduğunu və bu proseslərin gələcək illərdə daha aydın şəkildə özünü göstərəcəyini demək olar. Enerji sahəsində əvvəlki illərdə əsasən xammal və qaz tədarükü üzərindən qurulan əməkdaşlıq modeli artıq dəyişməkdədir".

SİA xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov nazirliyin 2025-ci ilin yekunlarına dair hesabatında media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib.

Nazir bildirib ki, 2025-ci ildə Azərbaycan şirkətləri bir sıra ölkələrdə iri investisiya layihələrində iştirak edir, sərmayələr yatırır və mühüm mövqelər tutur:

“Biz bunu Türkiyə, Özbəkistan və digər ölkələrdə açıq şəkildə görürük. Əvvəlki dövrlərlə müqayisədə investisiya və sahiblik baxımından ciddi dəyişikliklər baş verir”.

Ceyhun Bayramov vurğulayıb ki, bu proseslər Azərbaycanda iqtisadi diplomatiyanın inkişafına və diplomatiya sahəsində yeni təşəbbüslərin formalaşmasına səbəb olacaq:

“Gələcəkdə bu dəyişikliklərin nəticələrini daha aydın görəcəyik”.

Nazir qeyd edib ki, qlobal miqyasda baş verən bu cür proseslər yeni çağırışlar və imkanlar yaradır və Azərbaycan da bu dəyişikliklərə uyğun addımlar atır:

“Son bir il ərzində Suriyada baş verən proseslər bizim üçün mühüm əhəmiyyət daşıyır. Bu dəyişikliklər Azərbaycanda da müəyyən nəticələr və uyğunlaşma tədbirləri ilə müşayiət olunur”.

Ceyhun Bayramov əlavə edib ki, dövlət olaraq qlobal proseslərin diqqətlə izlənilməsi və çevik adaptasiya mexanizmlərinin qurulması xarici siyasətin əsas prioritetlərindən biridir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə