“Bu təşəkkür rəsmi İrəvanın mövcud reallıqları qəbul etdiyini göstərir” - POLİTOLOQ DANIŞDI

“Paşinyanın Sankt-Peterburqda tranzit yollarının açılması ilə bağlı Azərbaycan Prezidentinə təşəkkür etməsi regionda formalaşan yeni siyasi-iqtisadi reallıqların açıq göstəricisi kimi qiymətləndirilməlidir”. Bu sözləri SİA- ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib. Onun sözlərinə görə, bu addım post-münaqişə dövründə sülh gündəliyinin artıq praktik müstəviyə keçdiyini nümayiş etdirən mühüm siyasi mesajdır:

“Kommunikasiya xətlərinin açılması Azərbaycanın milli maraqları baxımından həm regional sabitliyin möhkəmləndirilməsi, həm də ölkəmizin geosiyasi və geoiqtisadi mövqelərinin gücləndirilməsi üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsü ilə atılan bu konstruktiv addımlar sülh prosesi çərçivəsində əldə olunmuş razılaşmaların icrasında etimad mühitinin formalaşmasına ciddi töhfə verir.

Ermənistan rəhbərliyinin açıq təşəkkürü rəsmi İrəvanın mövcud reallıqları qəbul etdiyini və uzunmüddətli qarşıdurma siyasətinin perspektivsizliyini anladığını göstərir . Bu sülh müqaviləsinin əsas sütunlarından olan qarşılıqlı etimadın möhkəmlənməsi üçün əlverişli zəmin yaradır və delimitasiya, demarkasiya, eləcə də diplomatik münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş imkanlarını genişləndirir.

Digər tərəfdən, tranzit yollarının açılması Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi rolunu daha da gücləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji nəqliyyat siyasəti ölkəmizi Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin əsas həlqəsinə çevirib. Ermənistanın bu reallığı qəbul edərək tranzit imkanlarından faydalanmağa maraq göstərməsi Azərbaycanın regional iqtisadi inteqrasiyada aparıcı aktor statusunu daha da möhkəmləndirir.

Eyni zamanda, kommunikasiya xətlərinin bərpası regional təhlükəsizlik mühitinə müsbət təsir göstərir. İqtisadi və nəqliyyat əlaqələrinin inkişafı qarşılıqlı maraqları dərinləşdirir və eskalasiya risklərini azaldır. Bu, Azərbaycanın post-münaqişə dövründə əldə etdiyi strateji üstünlüklərin qorunması və hərbi-siyasi risklərin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Həmçinin Paşinyanın təşəkkürü beynəlxalq ictimaiyyət üçün də mühüm mesajdır. Bu, Azərbaycanın sülh təşəbbüslərinin konstruktiv, praqmatik və beynəlxalq hüquqa əsaslandığını bir daha təsdiqləyir.

Tranzit yollarının açılması istiqamətində atılan addımlar fonunda davam edən sülh prosesi Azərbaycanın milli maraqlarına tam uyğun şəkildə regionda dayanıqlı sülhün, sabitliyin və inkişafın əsasını formalaşdırır”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə