"Avropa Parlamentinin dünən qəbul etdiyi qətnamə faktiki olaraq əsassız və obyektivlikdən tamamilə uzaq bir sənəddir. Birincisi, bu qətnamə tamamilə qərəzli, əsassız və ikili standartlarla səslənən bir sənəddir". Bu sözləri Milli Məclisin plenar iclası zamanı çıxışında millət vəkili Kamal Cəfərov deyib.
Onun sözlərinə görə, müəyyən təsir altında hazırlanmış, Azərbaycanın suverenliyinə və daxili işlərinə qarşı yönəlmiş siyasi bir təzyiq vasitəsi kimi təqdim olunmağa çalışılır: "Dövlətə xəyanət kimi ağır cinayətlərdə ittiham olunan şəxslərlə bağlı belə bir sənədə siyasi qiymət verilməsi qəbulolunmazdır. İkincisi, bu qətnamə Azərbaycan dövlət orqanlarının işinə açıq müdaxilədir. Beynəlxalq hüququn əsas prinsiplərinə görə, heç bir dövlət və ya beynəlxalq təşkilat başqa bir dövlətin daxili yurisdiksiyasına aid məsələlərə qarışa bilməz. Ona görə də istənilən cinayət işi ilə bağlı beynəlxalq təşkilatların verdiyi qərarlar məhkəmənin müstəqilliyinə hörmətsizlikdir.
Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməməsi qəbuledilməzdir. 37 erməni vətəndaşı ilə bağlı heç bir hüquqi əsas olmadan fikirlər səsləndirilməsi, 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərinə “etnik təmizləmə” adı verilməsi tamamilə əsassız və yalandır.
Əgər Avropa Parlamenti həqiqətən insan haqlarına sadiqdirsə, Ermənistandan kütləvi şəkildə deportasiya olunmuş, etnik təmizləməyə məruz qalmış qərbi azərbaycanlıların hüquqları ilə maraqlanmalıdır. Ermənilərin törətdiyi müharibə cinayətləri, soyqırımları, jurnalistlərimizin və mülki şəxslərin qətlə yetirilməsi ilə bağlı da danışmalıdır.
Azərbaycan xalqı artıq Avropa Parlamentinin ikili standartlarını və reallıqdan uzaq mövqeyini yaxşı anlayır. Bizim kənar beynəlxalq təşkilatlara ehtiyacımız yoxdur. Avropa Parlamentinin üzvləri reallıq hissini itiriblər və qəbul etdikləri kağız parçaları ilə Azərbaycanı sanksiyalarla hədələməyə çalışırlar. Amma hər kəs şahiddir ki, Azərbaycan bu cür təzyiqlərə boyun əyməyib və əyməyəcək. Əksinə, Avropa İttifaqının bir çox üzv ölkələri Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır, çünki bu əməkdaşlıq qarşılıqlı hörmət və maraqlar əsasında qurulub.
Biz yolumuza davam edəcəyik. Azərbaycan xalqının maraqlarını bütün platformalarda qoruyacaq, dövlətçiliyimizi möhkəmləndirəcəyik və birgə, səmərəli əməkdaşlıq yolu ilə irəliləyəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB