Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb - FOTO

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb. SİA xəbər verir ki, açılış mərasimində Misir və regionun, eləcə də dünyanın müxtəlif ölkələrindən böyük idman və investisiya şirkətlərinin təmsilçiləri, digər qonaqlar, o cümlədən Azərbaycan səfiri Elxan Poluxov iştirak edib.

İki gün davam edəcək forum Ərəb İdman Marketinqi və İnvestisiya İttifaqı (ASMIA) ilə Misirin Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə təşkil edilib.

Misirin gənclər və idman naziri Əşrəf Subhi çıxışında ölkəsinin idman bazarının inkişafına marağı və bu sahədə görülən işlərdən danışıb. Qeyd edib ki, rəhbərlik etdiyi nazirlik dövlətin gələcək prioritetlərinə uyğun olaraq, idmanı tam inkişaf etmiş bir sənayeyə çevirməyi hədəfləyir, milli gəlirə töhfə vermək və gənclər üçün real iş imkanları yaratmağa çalışır.

Diqqətə çatdırılıb ki, Misirdə idman obyektlərinə investisiyanı artırmaq və onları istehsalçı iqtisadiyyatlara çevirmək məqsədilə aydın bir strategiya həyata keçirilir. Bu məqsədlə özəl sektorla əməkdaşlıq edilir, regionlarda gənclər mərkəzləri, klublar və nazirliyə tabe olan digər obyektlərdə müxtəlif investisiya imkanları nümayiş olunur.

Forum bölgənin ən böyük idman investisiya tədbirlərindən biri hesab edilir. Burada 3000-dən çox idman və investisiya şirkəti təmsil olunur. Bugünkü tədbirdə idman sənayesi sahəsində qiyməti milyardlarla Misir funtu olan 300-dən çox yeni investisiya fürsəti təqdim olunub. Bununla yanaşı, idman və iqtisadi inkişafı dəstəkləmək, idman investisiyasının mühitini möhkəmləndirmək məqsədilə onlarla strateji saziş imzalanıb.

Forumda, həmçinin Qlobal İpək Yolu Təşkilatı, Çin İdman Avadanlıqları İstehsalçıları Birliyi, Avropa İttifaqı kimi beynəlxalq təşkilatların nümayəndələri, eləcə də Türkiyə şirkətləri, idman avadanlıqları istehsalı sahəsindəki mütəxəssislər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə