"Sülh quruculuğu yalnız dövlətlərlə məhdudlaşmır" - MÖVQE

"Vətəndaş cəmiyyəti nümayəndələrinin həm İrəvana, həm də Bakıya qarşılıqlı səfərlərinin təşkil olunması, sülh quruculuğu istiqamətində aparılan işlərin sadəcə dövlət xətti və ya hakimiyyət orqanları çərçivəsində qalmamasını təmin etmək məqsədi daşıyır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, əgər sülh quruculuğundan danışılırsa və sülh quruculuğunu reallaşdırmaq üçün yollar axtarılırsa, burada sadəcə hakimiyyətlərarası və dövlətlərarası münasibətləri sahmana salmaqla bu prosesi qısa zamanda yekunlaşdırmaq, məncə, qeyri-mümkündür: "Burada artıq xalqların da bir-birinə qarşı etimad mühitini yenidən formalaşdırması vacib bir məsələ kimi ön plana çıxır. Bu nöqtədə vətəndaş cəmiyyəti nümayəndələrinin prosesə daxil edilməsi və onların qarşılıqlı səfərlərinin təşkili effektiv nəticələr verə bilər. Nəyə görə?

Çünki baxın, bu günə qədər həm Ermənistan, həm də müəyyən qədər Azərbaycan cəmiyyətində belə bir fikir hökm sürürdü ki, son 30 ildə baş verən düşmənçilik iki xalqın bir-biri ilə yaxınlaşmasını qeyri-mümkün edib. Hətta Ermənistan cəmiyyətində bu fikirlər o qədər radikallaşmışdı ki, zaman-zaman biz belə fikirlərlə qarşılaşırdıq: “Əgər biz Bakıya gəlsək, onlar bizi öldürəcəklər”, yaxud “Azərbaycanlılar İrəvana getsələr, onları öldürəcəklər”, “Bizimlə görüşməyəcəklər” və s.

İndi bu gərəksiz fikirləri aradan qaldırmaq, eyni zamanda xalqlar arasındakı etimadı bərpa etmək üçün bu cür görüşlərin uğurlu olacağını düşünmək olar. Düzdür, bu da bir reallıqdır ki, hələ səmimi bir ortamın formalaşması yaxın zamanda mümkün deyil. İki əsrdir ermənilərin etnik azərbaycanlılara qarşı törətdiyi faciələr – qətliamlar, soyqırımlar, kütləvi qırğınlar və s. – bütün bu tarixi yaddaş, təbii ki, xalqımızın şüurundan silinməməlidir və daim ehtiyatla yanaşılmalıdır.

Burada söhbət xalqların dostlaşmasından və qardaşlaşmasından getmir. Söhbət Azərbaycan–Ermənistan dövlətlərarası münasibətlərinin yenidən qurulmasından, regionda sərhədlərin açılmasından və Cənubi Qafqaza sülhün gəlməsindən gedir. Bu istiqamətdə davam ediləcəyi təqdirdə vətəndaş cəmiyyətlərinin görüşləri də ictimai rəydəki fikir ayrılıqlarını aradan qaldıra və prosesin uğurlu nəticələnməsinə töhfə verə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə