"Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya gəlməsində pis bir şey yoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Müharibələrdən sonra, qəti sülhə qədər, hətta sülhdən sonra da vətəndaş cəmiyyəti nümayəndələri arasında barışıq jestləri normal bir haldır. Azərbaycan ilə Ermənistan arasında azı 30 illik qanlı müharibə tarixindən və onun insanlar şüurunda buraxdığı izlərdən söhbət gedir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bunun aradan qaldırılması üçün dövlətlər səviyyəsində aparılan və imzalanan sazişlərin öz rolu var: "Vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən cəmiyyətlərin barışdırılması üçün göstərilən fəaliyyətlər də öz yerində əhəmiyyətlidir. Bu baxımdan, Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya gəlməsində pis bir şey yoxdur. Bu, onu göstərir ki, Ermənistan 30-35 illik təcavüzkar siyasətdən nəticə çıxarıb, anlayıblar ki, Azərbaycanın qarşı apardıqları dövlət siyasəti yanlış olub və Azərbaycanla bu bölgədə barış və sülh içində yaşamaq istəyirlər. Bakıya gələn Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ən böyük jesti, ən böyük mesajı məhz bununla bağlıdır.

Ancaq vətəndaş cəmiyyəti nümayəndələrinin görüşlərinin indiki şəraitdə sülh prosesinə kardinal dərəcədə dəyişdirici təsir göstərəcəyini düşünmək də düzgün olmaz. Çünki sülh sazişinin imzalanması üçün səlahiyyət dəftər-qələm Bakıya gələn vətəndaş nümayəndələrinin əlində deyil. Amma onlar Ermənistan cəmiyyətində rəy yarada bilərlər. Ermənistan cəmiyyətində hələ də mövcud olan revanşist meyllərin aradan qaldırılmasına, sülh tərəfdarlarının mövqeyinin gücləndirilməsinə dəstək ola bilərlər. Əgər Paşinyan həqiqətən sülh sazişi imzalamaq niyyətindədirsə, Bakıya gələn bu vətəndaş nümayəndələri ona böyük dəstək verə bilərlər. Çünki Paşinyan hazırda ən böyük təzyiqləri revanşistlərdən, kilsədən və hakimiyyətdən kənarlaşdırılmış müharibə tərəfdarlarından görür. Həmin qüvvələrin qarşısında Paşinyanın bu gün dəstəyə ehtiyacı var. Bakıdan qayıdan və Azərbaycanın siyasətini yaxından müşahidə etmiş bu insanlar Ermənilər arasında sülh düşüncəsinin təşviqində böyük rol oynaya bilərlər.

Qeyd etmək lazımdır ki, sülh sazişi imzalandıqdan sonra da vətəndaş cəmiyyəti səviyyəsində bu cür səfərlərə ehtiyac qalacaq. Çünki 30-40 illik qanlı müharibədən sonra bir-birinə düşmən kəsilmiş iki cəmiyyətin münasibətlərinin tamamilə normallaşmasından söhbət gedir. Bu qədər ağır düşmənçiliyin ardından xalqların bir anda barışacağını və dostlaşacağını düşünmək reallığa uyğun deyil.

Ümumiyyətlə, Azərbaycan və Erməni xalqlarının yenidən “dost və qardaş” olacağını düşünmürəm. Açığı, bunun perspektivini də görmürəm. Çünki erməni toplumunun indiyə qədərki davranışlarından lazımi nəticəni çıxartmalıyıq. Lakin heç bir xalq bu bölgəni tərk etməyəcək. Əbədi qonşu olaraq bir məkanda yaşamağa məhkum olduğumuza görə, ilk növbədə ermənilər birgə yaşayışın norma və tələblərinə əməl etməyi öyrənməlidirlər. Bu baxımdan vətəndaş cəmiyyətinin sülh daşıyıcılarının belə səfərlərinə, hətta sazişdən sonra da ehtiyac olacaq. Onların öz cəmiyyətlərini - xüsusilə də erməni cəmiyyətini - Azərbaycan xalqı ilə dinc yaşamağa təşviq etməsi üçün dəstəyinə hər zaman ehtiyac olacaq.Belə səfərlər ilk növbədə Ermənistan dövlətinə və cəmiyyətinə lazımdır. Çünki Azərbaycan sülh üçün lazım olan təşəbbüsləri artıq göstərir. Ermənistan hakimiyyəti də son vaxtlar bu reallıqla barışmağa başlayıb. Lakin ortada qalan əsas məsələ Ermənistan cəmiyyətindəki revanşistlərin təsirini tamamilə neytrallaşdırmaqdır. Bu məsələdə də vətəndaş cəmiyyətinin nümayəndələrinin rolu böyük ola bilər".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə