"Cənubi Qafqazda yaranan yeni reallıqlar barədə ətraflı fikir mübadiləsi aparılmışdır" - MÖVQE BİLDİRİLDİ

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva BMT-nin 80-ci Baş Assambleyasında iştirak etmək məqsədilə Nyu-Yorka rəsmi səfər ediblər. Bu səfər Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal miqyasda artan əhəmiyyətinin bariz göstəricisidir. Cənab Prezidentin səfər çərçivəsində keçirdiyi görüşlər, apardığı müzakirələr və beynəlxalq təşkilatların rəhbərləri, dünya ölkələrinin liderləri ilə həyata keçirilən danışıqlar, Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rolu bir daha nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, BMT Baş Assambleyasının tribunasından səsləndirilən çıxışlar və müzakirə olunan məsələlər bir sıra qlobal problemlərin həllinə yönəlib:

"Bu platforma üzərindən cənab Prezident İlham Əliyev Azərbaycanın mövqeyini qətiyyətlə ifadə etmiş, regional təhlükəsizlik, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, davamlı inkişaf və sülh kimi vacib məsələlərə dair ölkəmizin prinsipial yanaşmalarını təqdim etmişdir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək səviyyəli tədbirlərdə iştirakı, xüsusilə də BMT-yə üzv ölkələrin birinci xanımları ilə keçirilən görüşlər və tədbirlərdə fəal iştirakı Azərbaycanın dünya ictimaiyyətində artan nüfuzunun göstəricisidir. Mehriban xanım Əliyevanın humanitar və mədəni sahələrdə qlobal təşəbbüslərə verdiyi töhfələr beynəlxalq aləmdə yüksək qiymətləndirilir və Azərbaycan qadınının simasında ölkəmizin humanist dəyərlərə sadiqliyini nümayiş etdirir. Səfər çərçivəsində Prezident İlham Əliyev bir sıra mühüm ikitərəfli və çoxtərəfli görüşlər keçirmiş, o cümlədən aparıcı beynəlxalq təşkilatların rəhbərləri, iri korporasiyaların nümayəndələri və müxtəlif ölkələrin dövlət başçıları ilə faydalı danışıqlar aparmışdır. Bu görüşlər zamanı Azərbaycanın iqtisadi potensialı, regionda baş verən müsbət dəyişikliklər və post-münaqişə dövründə Cənubi Qafqazda yaranan yeni reallıqlar barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Nəticə etibarilə, cənab Prezident İlham Əliyevin BMT-nin 80-ci Baş Assambleyasında iştirakı Azərbaycanın qlobal platformalarda söz sahibi olduğunu, öz milli maraqlarını beynəlxalq aləmdə uğurla müdafiə etdiyini və müasir dövrün çağırışlarına cavab vermək qabiliyyətinə malik olduğunu bir daha sübut edir. Bu səfərin nəticələri ölkəmiz üçün yeni imkanların açılmasına, beynəlxalq əlaqələrin daha da dərinləşməsinə və gələcəkdə iqtisadi, siyasi və diplomatik sahələrdə uğurların artmasına şərait yaradacaq".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə