Çin-Azərbaycan münasibətləri tarixdə özünün ən yüksək səviyyəsinə çatıb - SƏFİR

Prezident İlham Əliyevin bu yaxınlarda Çinə səfəri Azərbaycanla müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığa güclü təkan verib, həmçinin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin məzmununu zənginləşdirib. SİA xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey Azərbaycan Prezidentinin Çinə səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iki dövlət başçısının rəhbərliyi Çin-Azərbaycan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlığının inkişafı ilə daha da möhkəmlənib: “Prezident İlham Əliyev Çinə 8 dəfə səfər edib və ÇXR Sədri Si Cinpinlə müxtəlif formatlarda 10-dan çox görüş keçirib. İki ölkənin liderləri yaxşı işgüzar əlaqələr qurublar və dərin şəxsi dostluqlarını gücləndiriblər. Sədr Si Cinpin Prezident İlham Əliyevi köhnə dostu adlandırıb. Məhz iki dövlət başçısının strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri daim yeni səviyyəyə qalxır və artıq tarixdə ən yüksək səviyyəyə çatıb”. Diplomat diqqətə çatdırıb ki, bu səfər Prezident İlham Əliyevin son bir ildə Çinə ikinci səfəri olub. Azərbaycan dövlət başçısı təxminən 4 gün Çində qalıb: “Azərbaycandan olan dostlarım mənə dedilər ki, Prezident əvvəllər heç bir ölkəyə belə uzun müddət səfər etməyib”.

Bütün xəbərlər Facebook səhifəmizdə