"Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinin yaxşılaşmasının əsas səbəbi qarşılıqlı maraqların üst-üstə düşməsidir. Azərbaycan enerji resursları ilə Avropanın strateji tərəfdaşına çevrilib və bu, münasibətlərin əsas sütununu təşkil edir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün enerji təhlükəsizliyində alternativ mənbə rolunu oynayır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa üçün Azərbaycanın əhəmiyyəti daha da artıb: "Çünki Avropa enerji təchizatında diversifikasiya siyasətinə üstünlük verir. Azərbaycan isə özünü etibarlı tərəfdaş kimi sübut edib və heç vaxt öhdəliklərdən yayınmayıb.
Digər mühüm səbəb isə Azərbaycanın regionda sabitlik yaradan aktor kimi mövqeyidir. Qarabağ münaqişəsinin həlli və regionda yeni reallıqlar Avropa üçün də maraqlı bir prosesdir. Azərbaycan həm də Şərq Tərəfdaşlığı çərçivəsində Aİ ilə əməkdaşlığı dərinləşdirib.
2022-ci ildə imzalanmış “Strateji Enerji Tərəfdaşlığı Bəyannaməsi” münasibətlərin inkişafına yeni nəfəs verib. Bunun ardınca Azərbaycan yaşıl enerji layihələri ilə də Avropaya inteqrasiya edir. Xüsusilə Xəzər dənizində qurulacaq külək elektrik stansiyaları və onların Avropaya ixracı gündəmdədir. Bundan əlavə, Avropa İttifaqı Azərbaycanla ticarət və nəqliyyat əlaqələrini genişləndirməkdə maraqlıdır. Orta Dəhliz layihəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan isə bu imkanlardan istifadə edərək öz geosiyasi mövqeyini daha da gücləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə