Avaza şəhərində keçirilən Zirvə görüşü Azərbaycan, Türkmənistan və Özbəkistan arasında münasibətlərin strateji xarakter daşıdığını sübut etdi. Bu, sadəcə diplomatik görüş deyil, bölgənin gələcək inkişafına yönəlmiş fundamental qərarların qəbul edildiyi tarixi bir hadisə oldu. Prezident İlham Əliyev çıxışında Türkmənistanın uğurlarını yüksək dəyərləndirdi, ölkənin etibarlı əllərdə olduğunu vurğuladı. Onun sözlərinə görə, Qurbanqulu Berdiməhəmmədovun müdrik siyasəti nəticəsində Avaza və digər şəhərlər sürətlə inkişaf edir, bu isə bütün bölgə üçün nümunədir. Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması haqqında imzalanmış sənəd isə xalqlar arasında əsrlərdən gələn birliyi möhkəmləndirən mühüm rəmzi addım oldu. Azərbaycan və Türkmənistan xalqları təkcə ortaq tarix deyil, həm də ortaq gələcək qurmaq niyyətindədirlər. Türkmənistanın Qarabağda məscid tikintisi təşəbbüsü də bu qardaşlığın bariz ifadəsidir. Prezident İlham Əliyev bunu səmimi minnətdarlıqla qəbul etdiyini bildirərək dedi ki, bu layihə həm dini, həm də mədəni dəyərə malikdir. Özbəkistanın Qarabağa verdiyi töhfələr də diqqətəlayiqdir. Xankəndidə yaradılmış tikiş fabriki yüzlərlə insana iş imkanı yaradıb, Füzulidə tikilən məktəb isə gənc nəslin təhsilinə xidmət edir. Bu layihələr Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız siyasi deyil, həm də sosial-iqtisadi sferalarda dərin köklərə malik olduğunu göstərir. Görüşün ən mühüm nəticəsi üçtərəfli əməkdaşlıq formatının yaradılması barədə razılıq oldu. Bu format nəqliyyat, tranzit, enerji, elektroenergetika, neft-qaz və mədəniyyət sahələrini əhatə edəcək. Prezident İlham Əliyev dövlət qurumlarına konkret göstərişlər verərək yaxın vaxtlarda təkliflərin hazırlanmasını tapşırdı. Onun sözlərinə görə, Avaza Zirvəsi bölgədə sülhün və tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş yeni əməkdaşlıq modelinin başlanğıcıdır. Bu model həm regional sabitlik, həm də qlobal əməkdaşlıq baxımından əhəmiyyətli rol oynayacaq.
Şahin Seyidzadə,
Milli Məclisin deputatı
Bütün xəbərlər Facebook səhifəmizdə