İtaliyanın mətbu orqanları “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumuna geniş yer ayırıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Giornale Diplomatico” portalının yaydığı materialda Azərbaycanın - Xankəndinin əlamətdar hadisəyə şahidlik etdiyi, qlobal gündəmi müəyyənləşdirən və beynəlxalq müstəvidə informasiya yayan media nümayəndələrinin artıq üçüncü dəfə Qarabağa toplaşdığı bildirilir.
Vurğulanır ki, bu tarixi hadisənin təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyevin əsas məqsədi qlobal informasiya bazarına nəzarət edən 52 ölkədən 80-dək media qurumu və 30-dək informasiya agentliyi vasitəsilə yeni Azərbaycanı dünyaya tanıtmaq idi. Şuşa Forumunun ilkin nəticələri və onun qısa müddətdə beynəlxalq mediada yaratdığı təəssürat onu göstərdi ki, tədbirdə səslənən bəyanatlar və fikirlər bir çox ölkələrdə ictimai rəydə ciddi rezonans doğurub. Çoxları üçün bu hadisə motivasiya nümunəsi, yeni fəaliyyət və mübarizə mexanizmlərinin inkişafı üçün əsas olub.
Yazıda Prezident İlham Əliyevin Xankəndidə Forumun iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlərə geniş yer verilib.
“Kmetro0” portalının yaydığı materialda isə Prezident İlham Əliyevin həmişə olduğu kimi bu fürsətdən də istifadə edərək tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanı dünyaya tanıtdığı vurğulanır. Diqqətə çatdırılır ki, dövlətimizin başçısı ölkəmizin fəaliyyətini, qələbələrini, uğurlu modellərini Azərbaycan xalqının potensialının nümunələri kimi təqdim edib, məlum uğur hekayələrindən danışıb.
Vurğulanır ki, III Şuşa Qlobal Media Forumu “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunsa da, Prezident İlham Əliyev tədbiri elə ilk cümləsindən daha geniş qlobal problemlərin müzakirəsi platformasına çevirib. Prezidentin fikirləri Azərbaycanın müstəqillik tarixinin bütün dövrlərini və onun siyasi-ictimai sistemini, o cümlədən ölkənin Qələbəsindən sonra seçdiyi yeni yolun mahiyyətini əks etdirən rəhbər konsepsiyadır. Prezident İlham Əliyev öz fəaliyyətini, məqsədlərini və baxışlarını dünyanın müxtəlif ölkələrindən olan media mütəxəssisləri ilə bölüşüb, Azərbaycana yeni baxışını təqdim edib.
Qeyd olunur ki, Forum zamanı Prezident İlham Əliyev ölkənin yaşıl gündəliyindən tutmuş qlobal iqlim dəyişikliyinə, ikitərəfli əməkdaşlıqdan beynəlxalq tərəfdaşlığa, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasından Qafqazda sülhün və tərəqqinin təmin edilməsinə, Azərbaycanın yerli inkişaf təcrübəsinin qlobal artıma verdiyi töhfələrdən, Zəngəzur və Orta dəhlizlərdən tutmuş yeni Avrasiya logistika layihələrinə, qitənin enerji təhlükəsizliyindən bəşəriyyəti təhdid edən müharibələrə, Ermənistanla sülh danışıqlarından tutmuş neokolonializmlə mübarizəyə, ABŞ-dan Çinə, Rusiyadan Latın Amerikasına, Avropa İttifaqından İslam Əməkdaşlıq Təşkilatına qədər bir çox mövzularda qəti mövqelərini ifadə edib.
Materialda, həmçinin Azərbaycanı Prezidentin müxtəlif ölkələrdən jurnalistlərin suallarını cavablandığı, media nümayəndələrinin Ağdam, Laçın və Xocalıya səfər etdikləri bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə