İnanıram ki, “Əkinçi”nin maarifçi ruhu, “Molla Nəsrəddin”in cəsarətli sözü Milli Jurnalistikamızın fəaliyyətində hər zaman öz əksini tapacaqdır

22 iyul 2025-ci il tarixində bütün Azərbaycan milli mətbuatımızın 150 illik yubileyini qeyd edir. Bu möhtəşəm yubiley, 1875-ci ildə Həsən bəy Zərdabi ilə başlanan maarifçilik yolunun, Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli kimi neçə-neçə ziyalıların davam etdirdiyi böyük bir irsin bayramıdır. Bu irs yalnız jurnalistikamızın deyil, bütövlükdə milli kimliyimizin, ictimai fikrimizin formalaşmasında mühüm rol oynamışdır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə media məkanında yeni bir mərhələ başladı. Latin qrafikalı əlifbaya keçid milli mediamızın Türk Dünyasına, ümumilikdə müasir dünyaya inteqrasiyasını və Azərbaycançılıq məfkurəsinin ifadəsini gücləndirdi.

Bu gün də Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə medianın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə biz bunun şahidi olduq.
Bütün media mənsublarımız informasiya cəbhəsində səfərbər idi. Cənab Prezident şəxsən bu prosesə siyasi iradə ilə öncüllük edirdi. Hər kəs Azərbaycan həqiqətlərini, dezinformasiyaya qarşı real faktları beynəlxalq auditoriyaya çatdırmağa çalışırdı.

Bizim jurnalistlərimiz o çətin günlərdə arxa cəbhədə olan, amma erməni təcavüzünə məruz qalan — Gəncədə, Bərdədə, Tərtərdə — haqqın və ədalətin müdafiəsi naminə cəbhədəki qəhrəman əsgərlərimiz kimi cəsurca mübarizə aparırdılar.
Bu gün də medianın üzərinə böyük məsuliyyət düşür. Cəmiyyətin obyektiv və operativ məlumatlandırılması, ictimai rəyin formalaşması və dövlətçiliyin möhkəmləndirilməsi baxımından jurnalistika mühüm rol oynamaqdadır.

Milli Mətbuatımızın 150 illiyində ölkəmizdə jurnalistika sahəsinin fədakarlıq zirvəsinə çevrilən Salatın Əsgərova, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Çingiz Mustafayev, Məhərrəm İbrahimov, Sirac Abışov və onlar kimi neçə-neçə qəhrəman jurnalistlərimizin əziz ruhunu böyük hörmət və minnətdarlıqla yad edirik.

Milli Mətbuat Günü münasibətilə uzun illər bu sahədə çalışan, milli mətbuat ənənələrimizin yaşadılmasına layiqli töhfə verən qocaman jurnalistlərimizi səmimi qəlbdən təbrik edirəm.

Həmçinin, öz peşəsinə ciddi yanaşan, etik prinsiplərə sadiq qalan bütün media nümayəndələrini ürəkdən təbrik edirəm.

Arzu edirəm ki, jurnalistikanın yeni nəslində peşəkarlıq səviyyəsi, yüksək keyfiyyət standartları və Vətənə sədaqət daima prioritet olaraq qalsın.

İnanıram ki, “Əkinçi”nin maarifçi ruhu, “Molla Nəsrəddin”in cəsarətli sözü Milli Jurnalistikamızın fəaliyyətində hər zaman öz əksini tapacaqdır.

Günay Əfəndiyeva

Millət vəkili

Bütün xəbərlər Facebook səhifəmizdə