"Azərbaycan və Suriya münasibətləri yeni mərhələyə qədəm qoyur" - SİYASİ EKSPERT ŞƏRH ETDİ
"Azərbaycan və Suriya arasında diplomatik əlaqələr 1992-ci il martın 28-də qurulsa da, diplomatik münasibətlər, iqtisadi və mədəni əlaqələr bu ölkədəki münaqişə səbəbindən effektiv və genişmiqyaslı şəkildə həyata keçirilmirdi və məhdud çərçivədə qalırdı". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elmir Səftərov deyib.
Onun sözlərinə görə, Suriyada 61 illik Baas rejiminin süqutundan sonra isə iki ölkə arasında münasibətlərin normallaşması və inkişafı prosesinə zəmin yarandı: "Belə ki, İslam həmrəyliyi prinsipinə, humanist və ümumbəşəri dəyərlərə sadiqlik nümayiş etdirən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı bölgələrin əhalisinə daim yardım göstərilməsi ənənəsi Suriyadakı böhran zamanı da davam etdirildi. Prezident İlham Əliyevin tapşırığa əsasən, donor ölkə kimi tanınan Azərbaycanın xarici siyasətindəki prioritetlərindən biri də sülhə, sabitliyə töhfə vermək, az inkişaf etmiş ölkələrə, böhrandan əziyyət çəkən insanlara dəstək göstərməkdən ibarətdir.
Bu məqsədlə də Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək məqsədilə 2024-cü və 2025-ci illərdə ölkəmiz tərəfindən Suriyaya humanitar yardım karvanı yola salındı, dağıntılara məruz qalmış ərazilərində Azərbaycan humanitar yardımın paylanması aksiyasında iştirak etdi.
Xatırlayırıq ki, Suriyadakı vətəndaş müharibəsi zamanı bu ölkənin Azərbaycanla diplomatik münasibətləri pozulmuş,səfirliyimizin fəaliyyəti dayanmışdı. Suriyada rejim dəyişikliyindən sonra münasibətlərin normallaşmasının davamı kimi, 2025-ci il fevralın 17-də Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa etdi.
Dünya nizamının yenidənqurulması və güc balansının müxtəlif regionlarda dəyişməsi özlüyündə müəyyən risklər yaratması etibarlı dostluq və əməkdaşlıq əlaqələrinin zərurətini ortaya qoydu. Azərbaycan hər zaman Suriyaya münasibətdə beynəlxalq hüququn prinsiplərinə əsaslanan yanaşma siyasətini yürüdərək, bu ölkədə davamlı sülhün və sabitliyin bərqərar olmasının tərəfdarı olub. Hazırda da Azərbaycanın və Suriyanın keçid hökumətinin əməkdaşlığı ikitərəfli əlaqələrin inkişafına və daha da irəli aparılmasına töhfə verən amillərdəndir. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar və qlobal miqyasda artan nüfuzu ölkəmizlə əməkdaşlığa təşəbbüs göstərən tərəflərin sayını artırıb.
Hazırda da Suriyanın keçid dövrünün Prezidentinin Azərbaycana səfəri əlaqələrimizin yeni mərhələyə qədəm qoymasını və inkişaf yolunda olduğunu göstərir. Bu da siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə