"Bu, Rusiyanın anti-Azərbaycan siyasətinin göstəricisidir..."

"Son günlər Rusiyada azərbaycanlılara, gürcülərə, özbəklərə, taciklərə və digər milli azlıqlara, miqrantlara qarşı törədilən cinayətlərin arxasında dövlət dayanır. Rusların bu addımları cavabsız qalmamalıdır. Siyasi analitiklər, hüquqşünaslar, beynəlxalq təşkilatlar baş verənlərə sərt münasibət bildirməlidirlər. Rusiya cəmiyyəti də məsuliyyətli davranmalı, gələcəkdə onu hansı fəlakətlərin gözlədiyini dərk etməlidir. Onlar anlamalıdırlar ki, həqiqətən də bu gün Rusiya böyük fəlakətə çox yaxındır”.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri müsahibəsində Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, politoloq, tarixçi Quram Marxuliya deyib. Onun sözlərinə görə, iyunun 27-də Yekaterinburqda Azərbaycan əsilli iş adamlarının kütləvi həbsi, iki qardaşın amansızcasına qətlə yetirilməsi, bir neçə adamın ciddi yaralanması heç də təsadüfi deyil. Professorun fikrincə, Rusiya rəhbərliyi fəlakətlə üz-üzə olduğunu görür və bunun qarşısını almaq üçün yeni münaqişə ocaqları yaratmaq istəyir.

Politoloq deyib: “Rusiya Azərbaycanın Qarabağda savaşı 44 günə başa çatdırmasını, 30 il işğal altında olan torpaqlarını azad etməsini, son dövrlər dünya dövlətləri arasında xüsusi hörmət qazanmasını və söz sahibinə çevrilməsini həzm edə bilmir”.

Onun sözlərinə görə, Rusiya Azərbaycana qarşı açıq hücuma keçə bilmir. Ona görə də müəyyən yollarla Azərbaycana və azərbaycanlılara qarşı terror əməliyyatları keçirirlər. Bu, son dövrlər açıq şəkildə hiss olunur. Təsadüfi deyil ki, Ermənistanda baş qaldıran revanşist meyillər də məhz Rusiyanın bölgədə həyata keçirdiyi siyasətin nəticəsidir. Ermənistan xalqının qəzəbi ilə hakimiyyətdən uzaqlaşdırılan Koçaryan-Sarkisyan cütlüyünün yenidən siyasi səhnəyə qayıtması, mövcud hökuməti Qarabağın itirilməsində ittiham etməsi bu proseslərin Moskvanın dəstəyi ilə yönləndirildiyini göstərir.

“Bir sözlə deyə bilərəm ki, Yekaterinburqda baş verənlər təsadüfi və həqiqətən də uzun illər bundan əvvəl törədilmiş cinayətin üstünün açılması ilə bağlı əməliyyat deyil. Bu, Rusiyanın anti-Azərbaycan siyasətinin göstəricisidir. Bu, sonuncu olmayacaq. Narahatedici məqam odur ki, bu cür hadisələr həm azərbaycanlılara, həm də digər miqrantlara qarşı davam edəcək. Ona görə də bu cür addımlara qətiyyətli və tutarlı cavab verilməlidir”, – deyə Marxuliya vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə