Ali Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı genişməzmunlu Plenum qərarı layihəsi hazırlayıb
Azərbaycan Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının iyunun 10-da növbəti iclası keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Ali Məhkəməsi məlumat yayıb.
İclasda “Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi və digər qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi” mövzusu üzrə müzakirələr təşkil edilib.
İclasa sədrlik edən Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, müzakirənin məqsədi məhkəmələr tərəfindən işlərə baxılarkən mənəvi zərərin ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı mövcud çətinliklərin və fərqli yanaşmaların aradan qaldırılması üçün aidiyyəti hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsidir.
Qeyd edilib ki, Ali Məhkəmə tərəfindən şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi və digər qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi ilə bağlı genişməzmunlu Plenum qərarı layihəsi hazırlanıb. Xüsusilə, şəxsi həyatın toxunulmazlığı, ailə sirri kimi tez-tez pozulan hüquqların müdafiəsi məsələləri yeni qərar layihəsində əksini tapıb. Diqqətə çatdırılıb ki, xüsusilə media subyektlərində bu kimi qorunan münasibətlərə müdaxilə hallarına tez-tez rast gəlindiyindən, Ali Məhkəmə tərəfindən müvafiq izahların verilməsi zəruri hesab edilir.
Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva çıxışında işgüzar nüfuzun müdafiəsi ilə bağlı kommersiya mübahisələrində məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə hazırlanan yeni Plenum qərarının layihəsində müvafiq izahların nəzərdə tutulduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Plenumun qərar layihəsi hazırlanarkən mövcud məhkəmə təcrübəsi, o cümlədən dünya ölkələrinin qabaqcıl məhkəmə təcrübəsinin geniş təhlilləri aparılıb.
Daha sonra mövzu üzrə müzakirəyə təqdim edilən “Qanunla qorunan qeyri-maddi nemətlərlə yanaşı, qanunla qorunmayan qeyri-maddi nemətlərin də məhkəmə müdafiəsinin, habelə onlara müdaxilə halında mənəvi zərərin ödənilməsinin mümkünlüyü”, “Mənəvi zərərin əvəzinin ödənilməsində hüquqi varislik”, "Mənəvi zərərin ödənilməsi tələblərində prezumpsiya və sübutetmə", “Qanuni və faktiki prezumpsiyanın xüsusiyyətləri”, “İşgüzar nüfuza vurulmuş zərərin ödənilməsini istisna edən qiymətləndirici fikir və mülahizə xarakterli məlumatlar və ya ifadələrin xüsusiyyətləri” və digər suallar ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə