"Yeganə sevinc yerimiz "Qarabağ" futbol klubudur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Cənab Prezidentin mini futbol üzrə milli komandamızı qəbul etməsi, dövlət başçımızın idmana və qazanılan qələbələrə göstərdiyi böyük hörmət və ehtiramın bariz nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, ümumiyyətlə, Cənab Prezidentin idmana olan diqqət və qayğısı hər zaman yüksək səviyyədə olmuşdur: "Eyni zamanda, olimpiyaçılarımıza da dövlət tərəfindən daim yüksək dəstək göstərilmişdir. Lakin son illərdə futbol sahəsində ürəkaçan nəticələrin və göstəricilərin olmaması bizləri ciddi şəkildə narahat edir. Bu fonda yalnız "Qarabağ" futbol klubunun fəaliyyəti ümidvericidir. Klub həm Avropa Liqasında, həm də Çempionlar Liqasında qrup mərhələsində iştirak edərək ölkəmizi layiqincə təmsil edir. "Qarabağ" klubundan böyük gözləntilərimiz var və bu gözləntilər zaman keçdikcə daha da artır. Mini futbol komandamızın Avropa çempionu olmasından sonra Bakıda Gimnastika Arenasında dünya çempionu olması bizi bir tərəfdən təəccübləndirdi, digər tərəfdən isə komandada olan yüksək nizam-intizam, peşəkar bacarıqlar və futbolun bütün gözəlliklərinin meydanda tətbiqi bizi ruhlandırdı və futbolumuzun gələcəyinə olan inamı bir qədər də artırdı.

Xüsusilə qeyd etmək lazımdır ki, komandanın heyəti əsasən gənclərdən ibarətdir. Bu isə onu deməyə əsas verir ki, bu komanda gələcəkdə də Avropa və dünya çempionatlarında çempionluğa iddialı olacaq, beynəlxalq turnirlərin favoritlərindən biri kimi çıxış edəcək. Qısa müddət ərzində bu qədər peşəkar və nizamlı bir komandanın formalaşması həm rəhbərliyin, həm də məşqçilər korpusunun uğurlu fəaliyyətinin nəticəsi kimi dəyərləndirilə bilər.

Bir futbol azarkeşi və milli komandanın uğurlarına sevinən vətəndaş kimi bu qələbə bizi gələcəyə daha da ümidli baxmağa sövq edir. Uşaq futbolundan başlayaraq əsas milli komandaya qədər güclü istedadlara ehtiyacımız var. Dövlət proqramlarının qəbul olunması, AFFA rəhbərliyində baş verən dəyişikliklər və yeni baş məşqçinin gətirilməsi müsbət addımlardır. Lakin nəticələr hələ də bizi tam qane etmir. Çünki xalq olaraq futboldan gözləntilərimiz çox böyükdür və bu gözləntilərin gerçəkləşməsi üçün daha çox iş görülməlidir. Bizim futbolda zəngin ənənələrimiz var. Məsələn, dünya çempionatının finalını idarə edən məşhur hakimimiz Tofiq Bəhramov və sovet dövründə SSRİ çempionatında bürünc medal qazanan “Neftçi” futbol klubumuz tariximizin parlaq səhifələridir. Anatoli Banişevski və Ələkbər Məmmədov kimi futbolçuların davamçılarının yetişməsi, bu ənənələrin yaşadılması və inkişaf etdirilməsi vacibdir".

"Bu məqsədlə hesab edirəm ki, hər bir binanın qarşısında futbol meydançaları salınmalıdır. Futbol klublarında iştirak ödənişsiz olmalı və uşaqlara bərabər imkanlar yaradılmalıdır. Gənc futbolçuların təcrübə qazanması üçün dünya ölkələrinin təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Qurban Qurbanovun “Barselona” Futbol Akademiyasına təkcə səfərləri bunun yalnız ilk addımıdır.

Hər bir futbol klubumuz dünya standartlarına uyğun məşqçilər, iş prinsipləri və idarəetmə mexanizmləri ilə işləməli, beynəlxalq futbol tendensiyaları ilə yaxından maraqlanmalıdır.

Bugünkü dünya futbolu çox dəyişib – daha atletik, fiziki gücə əsaslanan, komanda oyunu və sürətli taktikalar üstünlük təşkil edir. Biz də bu yeni cərəyanları öyrənməli və milli futbolumuza tətbiq etməliyik.

Bir daha minifutbol üzrə milli komandamızı böyük qələbə münasibətilə təbrik edir, gələcəkdə onlara daha böyük uğurlar arzulayırıq!" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə