Dünya sistemi, qlobal iqtisadi sistem DƏYİŞİKLİKLƏR ASTANASINDA - TƏHLİL

Qlobal miqyasda baş verən dəyişiklikləri görməmək mümkün deyil. Dünya düzənindən olanlar hər kəsin diqqətini cəlb edir. Xüsusən də, qlobal iqtisadi sistemin necə dəyişdiyini görməkdəyik. Lakin etiraf etmək lazımdır ki, bunlar hələ başlanğıcdır. Çünki dünyamız, dünya sistemi, qlobal iqtisadi sistem dəyişikliklərin hələ astanasındadır.

Dünyanın dəyişikliklər astanasında olduğunun ABŞ lideri tərəfindən qəbul olunduğu hadisələrin gedişatında öz təsdiqini tapir

Bilirik ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp, demək olar ki, bütün idxal mallarına böyük tariflər elan edib. Onu da bilirik ki, belə bir “elan” etməsinə baxmayaraq, hələlik müxtəlif ölkələrlə danışıqlar aparmaq üçün həmin tariflərin tətbiqini doxsan gün müddətinə dayandırıb. Sözsüz ki, danışıqların əsas mövzusunun bu ölkələrlə son bir neçə onillikdə sənaye istehsalının Çin Xalq Respublikası ilə qarşılıqlı əlaqələrinə görə olduğu da bəllidir.

Hər halda, ABŞ kimi bir ölkənin prezidentinin, özü də ikinci dəfə hakimiyyətə qayıdan bir prezidentin, yəni təcrübəli bir liderin, Trampın diqqətindən Çinin “irəlidə” olması yayına bilməz. O, çox yaxşı bilir ki, Çin Xalq Respublikası təkcə iqtisadi deyil, həm də siyasi gücünü yetərincə, lap elə rəqib hesab olnacaq dərəcədə artırıb. Hər halda, onun bunu bilməsi fonunda müşahidə edilənlər, xüsusən də barəsində qeyd olunanlar anlaşılandır. Yəqin ki, səbəbsiz də deyil və ABŞ liderinin özü də dünyamızın dəyişikliklər astanasıda olduğunu qəbul edir. Nəinki qəbul edir, apardığı siyasət belə onu göstərir ki, dünyanın məhz həmin dəyişikliyin astanasında olduğunu etiraf da edir. Qısa və aydın şəkildə desək, dünyanın dəyişikliklər astanasında olduğunun ABŞ lideri tərəfindən qəbul olunduğu hadisələrin gedişatında öz təsdiqini tapir.

Çin lideri özü də hadisələrə “həssas” yanaşır, müşahidə olunan “canfəşanlıq” diqqətdən yayınmır

Diqqətə çatdıraq ki, aprelin 14-də Çin prezidenti Si Cinpin məhz Vyetnam, Malayziya və Kamboca olmaqla, üç qonşu ölkəyə səfər edib. Onu da xatırladaq ki, onların, yəni həmin ölkələrin hamısı ixracatının əsas hissəsini ABŞ-a göndərir. Bəli, Çin prezidenti həmin ölkələri məhz ABŞ-ın öncədən proqnozlaşdırlması mümkün olmayan bir ölkə olduğuna, eləcə də Çinin daha etibarlı tərəfdaş olduğuna inandırır. Özü də çox böyük həvəslə bunu edir və hətta onlara birgə layihələr də təklif edir. Deməli, Çin lideri özü də müşahidə olunanlara “həssas” yanaşır. Daha dəqiq desək, Cinpin özü də heç Amerikanın, ABŞ prezidentinin “əl-ayağa düşməsinə” laqeyid deyil. Çünki başa düşür ki, amerikalılar “vəziyyəti” öz xeyirlərinə dəyişmək niyyətindədirlər. Ən azından müşahidə olunan “canfəşanlıq” qətiyyən diqqətdən yayınmır.

Hər halda çinlilər də bilirlər ki, onları rəqib hesab edən amerikalılar da “az aşın duzu” deyillər və belə bir məqamda “mübarizə” qaçılmazdır. Bu vaxta qədər Çin elə bir yol keçib ki, kobud şəkildə desək, ABŞ kimi ölkəyə bir “dərs” vermiş olub. İndi artıq həmin “dərsi” yaxşıca mənimsəyən amerikalılar da öz növbələrində “dinc” oturana oxşamırlar. Çin lideri bilir ki, Amerika bazarda, “ticarət yarışmasında” özünə yer eləmək, sükanı da ələ almaq üçün bütün vasitələrə mütləq əl atacaq. Əslində, ABŞ özünü məhz elə belə də tanıdıb. Bu hegemonluq niyyətində olan ölkə üçün vasitə deyə nəzərdə tutulanı nə qədər sadalasaq bitən deyil və ümid edirik ki, nəyə eyham vurulduğu bəllidir. Hətta o da bəllidir ki, dünya ictimaiyyəti buna artıq öyrəncəlidir də. Elə çinlilər də bununla bağlı kifayət qədər məlumatlıdırlar deyə, öncədən “hazırlıq” da görülür. Çox güman ki, Cinpinin səfəri də bu kontekstdə təsadüfi sayılmır. Çünki Çin lideri də yaxşı başa düşür və görür ki, dünyamız dəyişiklik astanasındadır və belə bir dəyişiklik astanasında da yaxşıca start götürməyi onun kimi həmkarı da, ABŞ prezidenti də canı-dildən istəyir. Deməli, artıq rəqabət çoxdan qəbul da edilib, etiraf da. Daha dəqiq desək, dəyişiklik astanasında olan dünyada rəqabətin bir qədər də artdığına zərrə qədər də şübhə yoxdur və bu məqamda gözlərin məhz dəyilikliklərə dikilməsi tamamilə anlaşılandır.

Cənub-Şərqi Asiyada bir çox sənaye sahələri o qədər inkişaf edib ki, onlara artıq açıq bazarda tələbat, ehtiyac duyulur

“Liberallar” totalitar sektadan fərqli olaraq, ciddi iqtisadiyyat elminin artıq on doqquzuncu əsrdə daxili bazarın qorunmasının, müdafiəsinin yeni sənaye sahələrinin inkişafının başlanğıcı üçün həyati əhəmiyyət kəsb etdiyini açıq şəkildə bəyan edirlər və bunun səbəbi də bəllidir. Məsələ burasındadır ki, bu sənayelər başqa ölkələrdə əvvəllər mövcud olanlarla ciddi rəqabət aparmaq üçün kifayət qədər təkmilləşdirilənlər kimi müdaxilə etməyə başlayırlar. Hal-hazırda, bütün Cənub-Şərqi Asiyada bir çox sənaye sahələri o qədər inkişaf edibdir ki, onlara artıq açıq bazarda tələbat, ehtiyac duyulur. Hətta ABŞ olmasa belə, ən azından Çin Xalq Respublikasında belə ehtiyac təkzibedilməzdir.

Etiraf etmək lazımdır ki, Çinin daxili bazarı artıq o qədər böyükdür ki, o, hazırda xaricə satılan məhsulların əhəmiyyətli bir hissəsini, eləcə də başqalarının ABŞ-a göndərdiyi məhsulların çoxunu “mənimsəyə” bilir. Bununla belə, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası Çinlə hər hansı birgə layihələr naminə həmin Assosiasiyaya ixracı məhz riskə atmaq ehtimalını heç qəbul da etmir. Ona görə də məhz hər iki istiqamətdə əməkdaşlığı davam etdirməyə çalışacağı gözlənilir. Çinin bir çox qonşularının əsrlər boyu mürəkkəb münasibətlərinin olduğu da bəllidir. Eyni zamanda, Çin tərəfindən müstəmləkəçilik və hakimiyyət mübarizəsi tarixi də heç kim üçün qaranlıq deyil. Buna görə də, “yeni fəsadların” qarşısının öncədən alınması ehtiyacı fonunda mütləq şəkildə kənar dəstək barədə düşünülür. Amma Çin indi təkcə qonşuları ilə deyil, Avropa Birliyi ilə də ticarət edir və hətta belə demək mümkünsə, Afrikanı belə inkişaf etdirir...

Müşahidə edilən rəqabət dinamik irəliləyiş üçün əsaslı zəmin yaradır, Çinlə hesablaşılır və bütün bunlar dəyişikliklər vəd edir

Belə çıxır ki, bütün dünyanın dəyişiklik astanasında olması istənilən halda yaxşıya doğru aparır. Yəni, ən azından nikbin proqnozlar üçün əsas var. Hadisələrin gedişi belə onu deməyə əsas verir ki, artıq müşahidə edilən rəqabət dinamik irəliləyiş üçün əsaslı zəmin yaradır. Bəlkə də sağlam rəqabət deyilən iqtisadi mübarizə arzu olunan, gözlənilən şəkildə deyil. Hətta ən inkişaf etmiş ölkələrin belə hazırki iqtisadi rəqabətdən narazı olması da başadüşüləndir. Təbii ki, özünü rəqabət meydanında görə bilməyən, yaxud, həmin rəqabətə dayanıqlılığında, davamlılığında müəyyən qədər geridə qalan ölkələr ağız büzə də bilərlər. Lakin görünən odur ki, bir zamanlar Amerika məhz Çini heç hesaba belə almadığı halda, indi elə hesablaşmaq məcburiyyətində qaldığını etiraf da edir. Səbəb məhz həmin iqtisadi rəqabətdir. Əgər bir zamanlar Çin öz sənayesinin inkişafına bu qədər “diqqət” etməsəydi, elə yenə də ABŞ kimi bir ölkə üçün hesaba alınmaz olaraq da qalacaqdı. Deməli, indi məhz Çinlə hesablaşılır və bu da rəqabətin müsbət nəticəsi olaraq qəbul edilir.

Sözsüz ki, qlobal güclər yenə də Çinin inkişafına, dünya miqyasında həm sənaye, həm də ticarət məsələlərində “bir neçə addım” öndə olmasına qısqanclıqla yanaşırlar. Bu qısqanclıq heç də səbəbsiz yaranmayıb. Beləki, Avropa ölkələrinin əksəriyyətinin bir neçə şirkəti, bəlkə də böyük əksəriyyəti belə öz məhsullarını da hətta Çində istehsal edir. Daha dəqiq desək, əmək qüvvəsinin daha çox, eləcə də daha ucuz olduğu ölkə hesab olunaraq, Avropa ölkələrinin əksəriyyəti öz məhsullarını belə Çində istehsal etməklə, daha çox gəlir əldə etməyi, daha rentabelli olmağı doğru hesab edir. Nəticədə də Çin hətta Avropa ölkələrinə məxsus istehsal, sənaye sektorunda da “öz sözünü” deyir. Məhz elə bu fonda da avropalılar geri qaldıqlarını və hələ bundan sonra da eyni şəkildə davam edəcəyini yaxşı başa düşürlər. Başa düşürlər ki, indi Avropa bazarını “əlinə alan” Çin məhsulları hələ bundan sonra daha böyük sürətlə bazarlara daxil olacaqlar. Əgər ABŞ bazarı belə artıq Çin məhsulları ilə dolubsa, amerikalıların böyük əksəriyyəti artıq açıq şəkildə “Made in Cina” yazısı olan məhsulların istifadəçiləridirlərsə, Amerika kimi bir ölkə bununla barışmaq məcburiyyətində qalıbsa, deməli, Avropa da bunun barışmalı olduğun fərqindədir.

Əlbəttə ki, ABŞ hər zaman, hər sahədə hegemonluq iddiasında olduğu üçün məhz sənaye, iqtisadiyyat, ticarət sahəsində də belə bir iddiadadır və hələ Avropa “ayılmamış” Amerikanın dərhal Çinlə əlaqələri genişləndirmək niyyəti də bu baxımdan başadüşüləndir. Başadüşülən odur ki, ABŞ artıq Çinin məhz bayaq qeyd olunduğu kimi, bir neçə addım irəlidə olmasını nəzərə alaraq, həmin ölkəyə daha çox “maraq” göstərir. Belə bir maraq, əlbəttə ki, nəticəsiz də qala bilməz. Mütləq hansısa “dəyişikliklərin” olacağı ehtimalını təkzib də etmək mümkün deyil. Doğrudur, dəyişikliklərin hansı şəkildə olacağını proqnozlaşdırmaq bir qədər tezdir. Çünki barəsində qeyd olunan həmin o “tarif müharibəsi” qlobal iqtisadi sistemdə baş verən nəhəng dəyişiklik prosesinin yalnız bir hissəsidir. Hələ çox istiqamətdə dəyişikliklər gözlənilir. Əsas da odur ki, son nəticənin bütün dünya üçün faydalı olacağına inananlar çoxluq təşkil edirlər. Hər bütün bunlar göstərir ki, bütövlükdə dünyamız məhz dəyişikliklər astanasındadır...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə