Milli Məclisin sədri Sahibə Qafarova Rusiyaya işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
SİA-nın məlumatına görə, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin dərinləşməsində ölkə başçılarının rolu xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Özbəkistan prezidentlərinin qəti iradəsi sayəsində ikitərəfli münasibətlərimiz yeni mərhələyə daxil olub və hazırda ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər.
Söhbət zamanı “Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planı”nda (Yol xəritəsi) cari il üçün nəzərdə tutulan tədbirlər haqqında geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin roluna da diqqət yetirilib, qanunverici orqanlarımız arasında sıx təmasların mövcud olduğu bildirilib.
Tənzilə Narbayeva Daşkənd şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransının uğurla təşkil olunması münasibətilə təbriklərini çatdırıb.
Sahibə Qafarova Azərbaycan və Özbəkistan parlamentləri səviyyəsində qarşılıqlı səfərlərin mütəmadi xarakter daşıdığını deyərək, bu səfərlərin və yüksəksəviyyəli təmasların qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyini söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə