Xalqa həsr olunmuş nurlu ömür - ŞƏRH

Dünya şöhrətli oftalmoloq Zərifə xanım Əliyevanın tərcümeyi-halı çox sadə, başqalarından fərqlənməsə də, neçə-neçə insanın dünyaya nurlu baxışında yaşayan əməllərinin dəyəri ölçüyəgəlməz dərəcədə qiymətlidir. Akademik Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də - ilin ən gözəl fəsli olan baharda Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. Öz həyatını səhiyyə elminin inkişafına həsr edib.

Mənalı həyat yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır və xalqına bitməyən bir xəzinə bəxş edir. Bu dünyaya insanlara nur vermək və xeyirxahlıq missiyasını icra etmək üçün gəlmiş Zərifə xanım Əliyeva da belə seçilmiş insanlardan olub. Tanrının taleyinə yazdığı ömür payında Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, onlarla elmi monoqrafiyanın müəllifi, bir zamanlar kütləvi yayılan qlaukomanın etimologiyası, tibbi deontologiya, iridodiadiaqnostika məsələləri üzrə həkim kimi özünü təsdiqləyib.

O, keçmiş SSRİ miqyasında, Azərbaycanda M.İ.Averbax adına Beynəlxalq Mükafata layiq görülən ilk qadın oftalmoloq olmuşdur. Azərbaycanın tibb tarixində özünəməxsus yeri olan təcrübəli həkim Əziz Əliyevin ailəsində dünyaya gələn Zərifə xanım Tanrının Azərbaycan xalqına bəxş etdiyi nurlu əllər sahibi olmasını qısa, şərəfli ömür yolu ilə təsdiqləmişdir. Elm aləminə dəyərli yeniliklər gətirməklə intellektual səviyyəsi, biliyi, fitri istedadı, cəmiyyətdəki mövqeyi, çalışdığı kollektivdəki səmimiyyəti ilə də fərqlənən Zərifə xanımın barədə ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevin demişdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

Tanınmış alimin həyat yolu, elmi axtarışları, səhiyyənin oftalmologiya sahəsinə gətirdiyi yeniliklər bu gün də nümunə göstərilə biləcək qədər dəyərli, zəngin olub. Peşəsini humanizm ilə təcrübənin vəhdətində təkmilləşdirən, xəstələrinə ana, bacı kimi qayğı göstərən, ən başlıcası isə qadın şəfqəti, nəvazişi ilə yanaşan Zərifə xanım Böyük Vətən müharibəsinə təsadüf edən tələbəlik illərində belə Bakıdakı hərbi hospitallarda müalicə olunan xəstələrə, yaralılara yardım göstərmişdir.

Zərifə xanım Əliyeva alimlik dərəcəsi almaq üçün apardığı tədqiqatlara əsasən yazdığı “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicə” adlı namizədlik dissertasiyasındakı nəzəri bilikləri ilə xəstəliklə mübarizə yollarını tibb ictimaiyyətinin diqqətinə çatdırırdı. O, eyni zamanda qlaukoma xəstəliyinin öyrənilməsi istiqamətində araşdırmalarını davam etdirirdi. Peşə ilə əlaqədar yaranan göz xəstəliklərinin araşdırılması oftalmologiyada demək olar ki, yeni bir sahə kimi onun diqqətini cəlb edir. Əldə etdiyi nailiyyətlər onun vəzifədə də yüksəlməsinə imkan yaratdı. O, əvvəlcə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, sonra isə kafedra müdiri oldu.

Görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk elmi-tədqiqat laboratoriyasının yaradılması təşəbbüsünü qaldıran da Zərifə xanım olmuşdur. Gözün zədələnməsinin profilaktikası, görmə orqanlarında bədxassəli şişlərin diaqnostikası və öyrənilməsi ilə bağlı elmi axtarışlarını davam etdirən Zərifə xanımın Bakıda Məişət Kondinsionerləri Zavodunda yaratdığı laboratoriya dünyada yeganə olmaqla, həm də onun ikinci iş yeri idi. Burada apardığı tədqiqatlar daha çox səmərə verirdi. Müəssisədə fəaliyyət göstərən bu laboratoriya təkcə kondisionerlər zavodunun deyil, digər zavod və fabriklərin əməkçilərinin xidmətində idi.

Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.

Ana kimi övladlarını Vətənə məhəbbət ruhunda böyütmüş, Azərbaycan xalqını dünyada tanıdan, adı məşhur liderlərlə qoşa çəkilən Prezident İlham Əliyev kimi lideri xalqımıza bəxş edən Zərifə xanım ən səmimi sözlərə, hörmətə layiq Azərbaycan qadını kimi ölkəmizdən kənarlarda belə ad–san qazanıb. Məsul vəzifələrdə çalışan Ulu Öndər Heydər Əliyevə layiq həyat yoldaşı olmaq, onunla çiyin-çiyinə addımlamaq üçün ən azı onun yüksəldiyi zirvənin yarısını qət etmək bacarığına malik olmaq lazım idi. Zərifə xanım davranışı, səmimiyyəti, qayğıkeşliyi ilə bu zirvəni də fəth etdi. Bu cür qiymətləndirmə bir ana, həyat yoldaşı kimi Zərifə xanıma verilən dəyərdir.

Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə xanım Əliyevanın elmdə açdığı işıqlı yol ildən-ilə inkişaf edir və yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi hal-hazırda da araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Oftalmologiya sahəsində öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər öz qiymətini heç zaman itirməyəcək. Zərifə xanım Əliyeva daim qəlblərdə yaşayacaq və tibb sahəsində misilsiz xidmətləri xalqımız tərəfindən heç zaman unudulmayacaq.

Aydın HÜSEYNOV,
Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə