Zelenskidən Trampın zəhləsi gedir, bilirsiniz niyə? Çünki Ukrayna prezidenti ABŞ-ın indiki prezidentinin siyasi düşmənini müdafiə edib, onun seçki təbliğatında yaxından iştirak edib. Həm də Trampın ulu babalarının ilk dəfə Amerikada məskunlaşdığı, yəni mister Donald üçün ata yurdu sayılan Pensilvaniyada. Sanki Zelenskinin dərdi az imiş, o boyda savaşı bir tərəfə qoyub, “hava ilə tokalaşan (yumruqlaşan)” Baydenə təriflər yağdırmaq, hələ 4 il də ABŞ-a rəhbərlik etməsi üçün amerikalı seçicilərin “saqqızını oğurlamaq" eşqinə düşmüşdü. İndi Zelenskinin prezident seçilmə imkanlarını dəyərləndirmədiyi Tramp Ağ Evdədir və ukraynalı "həmkarı"na yerini göstərdi. Yəni, Volodimir qazana nə tökübsə, onu da yemək məcburiyyətindədir.
Bəs ermənilərin günahı nədir ki, Tramp bu "zavallılar"ı Ağ Evin həndəvərinə belə buraxmır? Bəli, bu yerdə Zelenskinin vəziyyəti ermənilərə baxanda şükürlüdür. Zelenskinin qaşıqla yediyini, ermənilər çömçə ilə yeyiblər. ABŞ-da yaşayan erməni əsilli seçicilərin əksəriyyəti Co-nu Donald-dan üstün bilərək ona səs veriblər. Yenə də yanılıblar və cavabını da almaqdadırlar. Tramp ermənilərin həsrətlə göslədiyi “təsəlliverici” “genosid” sözünü işlətməyincə hələ formalaşmamış millətciyin kürkünə birə düşdü. Bu gün Paşinyandan ta çoban Arakelə qədər bütün ermənilər təşviş içindədirlər, görəsən, Ağ Evdən hansı ismarıc gələcək, Avropaya, yoxsa əvvəlki ağaları Rusiyaya üz tutmalı? Bir sözlə, qaranlıq məsələdir.
Bəs Ermənistanda bütün istiqamətlərdən əsən isti-soyuq küləklərə reaksiyalar necədir? Həqiqətənmi ermənilər hələ də baş verənləri dərk etməkdə çətinlik çəkirlər? Bu barədə Ermənistan mətbuatı nə yazır?
Paşinyan türk mediasına deyib ki…
Baş nazir Nikol Paşinyan martın 11-də Türkiyə mətbuatına müsahibəsində “erməni soyqırımı”nın tanınması tarixinə yenidən baxmağa hazır olduğunu açıqlayıb. Bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən xəbər verir. Baş nazir bir gün əvvəl Facebook səhifəsində müsahibə ilə bağlı qısa video yayımlayıb. Qəzetin yazdığına görə, Paşinyan bu kontekstdə ümumilikdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədin ilkin şərt olmadan açılması və Meqri vasitəsilə maneəsiz dəmir yolu yük daşımalarını təmin etməyə hazır olması barədə danışıb. “Paşinyan əslində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla sıx təmasdadır və hakimiyyətini saxlamaq müqabilində Rusiyanı Ankara ilə əvəzləməyə hazırdır”, - nəşr yazır.
Yanvarın 24-də İsveçrədə erməni icmasının nümayəndələri ilə görüşdə Ermənistanın baş naziri “erməni soyqırımı” tarixinə “qayıtmağın” zəruriliyini bəyan edib. Ermənistan baş nazirinin bu sözləri Daşnaksütyun Partiyasının Ali orqanı, Hay Dat Komitəsinin Mərkəzi Aparatı, İsveçrə Erməni Birlikləri Şurası (CAAS), Kilikiyanın Böyük Evinin katolikosu Aram I, Lemkin adına Soyqırımın qarşısının alınması İnstitutu və digər beynəlxalq təşkilatlar tərəfindən pislənilib. Erməni Soyqırımı Muzey-İnstitutunun keçmiş direktoru, tarix elmləri doktoru Hayk Demoyan “Armenia Today”ə müsahibəsində bildirib ki, Paşinyan 1915-ci il “errməni soyqırımı” ilə bağlı son açıqlamaları ilə Türkiyə və Azərbaycanın xoşuna gəlməyə çalışır. Daha sonra Paşinyan Soyqırımla bağlı sözlərinə münasibət bildirib və onun faktının danılmaz olduğunu bildirib.
“Sülh müqaviləsi layihəsi yekun mərhələdədir”
“Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə gəlincə, deməliyəm ki, biz, yəni Ermənistan və Azərbaycanı nəzərdə tuturam, sülh müqaviləsi layihəsini yekunlaşdırmağa çox yaxınıq”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistana rəsmi səfəri zamanı yerli mətbuata müsahibəsində deyib. O qeyd edib ki, əgər əvvəlcə sazişin işlənib hazırlanmasını başa çatdırmaq, sonra isə onu imzalamaq mümkün olsa, o, Cənubi Qafqazda sülhün və sabitliyin ən möhkəm sütunlarından birinə çevriləcək. “Bu, həm də Azərbaycanla artıq əldə etdiyimiz digər addımları, danışıqları və razılaşmaları tamamlayır. Məsələn, cəmi bir neçə ay əvvəl biz iki dövlət arasında demarkasiya prosesi ilə məşğul olan sərhəd komissiyalarının işi haqqında müddəaları imzalamağa və sonra ratifikasiya etməyə nail olduq”, - Ermənistan XİN rəhbəri bildirib.
“Artıq mənim regionda nəqliyyat infrastrukturunun qarşısının alınması ilə bağlı təklifimizi qeyd etmək imkanım olub. Onu da əlavə edə bilərəm ki, Ermənistan Azərbaycana silahlara qarşılıqlı nəzarət və yoxlama mexanizmi yaratmağı təklif edib. Beləliklə, bütün bu vasitələr regionumuzda uzunmüddətli və sabit sülhün bərqərar olmasına kömək edə bilər. Bütün bu ölkələr hər iki tərəfin və hər iki ölkənin konstruktiv addımlarını alqışlamaqla müsbət rol oynaya bilər. Digər tərəfdən, təbii ki, onu da qeyd etməliyəm ki, Azərbaycanla artıq əldə etdiyimiz razılaşmalar birbaşa ikitərəfli danışıqlar yolu ilə əldə olunub. "Ümid edirəm ki, bu məqsədə tezliklə nail olacağıq", - o əlavə edib.
“Onlar təhlükəli mesajlar ötürürlər”
“Bakıda keçirilən “məhkəmə” çərçivəsində Azərbaycan həm Ermənistan ictimaiyyətinə, həm də beynəlxalq auditoriyaya çox təhlükəli təbliğat xarakterli mesajlar ötürür”, deyən deputat Tiqran Abramyan əlavə edib ki, bir çox hallarda onlar o qədər ehtiyatla maskalanırlar ki, bu “bomba”lar hətta Ermənistanın informasiya meydanında da müsbət mənada dövr edir və problemli mahiyyəti qeydə alınsa belə, onların təhlükəsi bütün riskləri ilə dərk olunmur. “Bakıdan gələn məlumatlara çox diqqətli və nəzakətlə yanaşmaq lazımdır, çünki reallığa yaxın olan məlumatlardan sonra açıq-aşkar yalan və təhlükəli mövzuları gizlədirlər”, - deputat deyir. Abramyan qeyd edir ki, vəziyyət bizim üçün son dərəcə təhlükəlidir, xüsusən ona görə ki, Ermənistan rəhbərliyi informasiya təhlükəsizliyinin təmin edilməsi funksiyasını tamamilə iflasa uğratdı və bu, cəmiyyətimizi son dərəcə həssas vəziyyətə salıb. Bu, təkcə saxta məhkəməyə deyil, ümumilikdə Azərbaycanın tətbiq etdiyi informasiya siyasətinə də aiddir.
Ermənilər yəhudilərdən şikayətlənirlər…
“Azərbaycanla dünya yəhudilərinin müttəfiqliyindən irəli gələn təhlükə siqnallarına düşmənin bu planlarına qarşı durmağa borclu olanlar məhəl qoymadılar. Biz Ermənistanın iki keçmiş prezidenti ilə indiki baş naziri arasında tamamilə lazımsız və ölkənin birliyinə zərərli polemikaya qərq olduğumuz halda, qışqırmağa ehtiyacı olan hadisələr baş verir”. Bunu erməni mətbuatı yazıb. Əlavə edib ki, aşağıda qeyd olunanların həyata keçirilməsi Ermənistan üçün indi və gələcəkdə tarixi təhlükədir. “Bunu fərq etməmək, başqa bir şeyə vaxt və enerji sərf etmək bu planlara töhfə vermək deməkdir. Belə ki, tanınmış ravvinlər ABŞ prezidenti Donald Trampa məktub göndərərək Azərbaycanın İbrahim sazişinə daxil edilməsini istəyiblər. “JPost” yazır ki, ravvinlər arasında BƏƏ-nin baş ravvini və Jared Kuşnerin (Cared Kuşner İbrahim Sazişlərinin müəllifidir – red.) sirdaşı Elie Abadi də var. Kuşnerin Donald Trampa təsirini qeyd etməyə belə dəyməz”.
Bəs məktubda nə yazılıb? Qeyd olunub ki, İbrahim sazişini imzalayan ölkələr ABŞ-dan siyasi dəstək alır, İsrailin ən etibarlı müsəlman ölkəsi və onun strateji tərəfdaşı olan Azərbaycanın isə 30 ildir ki, ABŞ-dan dəstək görmür. Azərbaycan Vaşinqtonun ABŞ-ın Azərbaycana yardımını məhdudlaşdıran 907-ci Maddəsi altında qalır. Ravvin Marvin Hier hesab edir ki, Azərbaycanın sazişə daxil edilməsi “onun əhəmiyyətini artıracaq və qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan ittifaqların dini və siyasi fərqlərdən asılı olmayaraq çiçəklənə biləcəyini nümayiş etdirəcək.
Qeyd edək ki, Marvin Hier 2017-ci ildə Trampın andiçmə mərasimində çıxış edib və Newsweek jurnalı tərəfindən Amerikanın ən nüfuzlu ravvinləri seçilib. O, İsrailin baş naziri Benyamin Netanyahu ilə İordaniya kralı II Abdullah arasında aparılan danışıqlarda vasitəçi olub.
Məqalə müəllifi bunu “hamınız üçün təhlükə” adlandırır və onun böyüklüyünü başa düşməyən ermənilərin çox olduğunu deyir. “Onu da xatırlatmaq istərdim ki, nisbətən yaxınlarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. O, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi salamlarını Baş nazirə çatdırıb. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən regional hadisələri müzakirə ediblər. Eyni mötəbər “The Jerusalem Post”un Yerusəlimdəki rəsmilərə istinadən bu barədə nə yazdığını bilirsinizmi? Qəzet o zaman yazırdı ki, müzakirələrlə tanış olan diplomatik mənbələrə görə, Netanyahunun ABŞ dövlət katibi Marko Rubio ilə strateji dialoqundan cəmi 48 saat sonra baş tutan H.Hacıyevin yüksək səviyyəli görüşü Azərbaycanın İbrahim sazişlərinə potensial daxil olması üçün artan sürətdən xəbər verirdi. O zaman Bakının İsrailin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrinin möhkəmlənməsində əsas rol oynaya biləcəyi barədə fikirlər də var idi. İsrailin yüksək rütbəli rəsmisi o zaman The Jerusalem Post-a deyib: “Azərbaycan otuz ildir ki, müsəlman dünyasında İsrailin ən etibarlı tərəfdaşlarından biri olub”, məqalədə yazılıb.
Analitiklər Azərbaycanın İsrail və ABŞ üçün strateji əhəmiyyətini də qeyd ediblər. ABŞ-ın Atlantik Şurasının son hesabatında qeyd olunur ki, Vaşinqton regionda öz mövqelərini gücləndirmək üçün İsrailin Azərbaycanla əməkdaşlıq təcrübəsini nəzərə almalıdır. Bunlar Ermənistan üçün həyəcan siqnallarıdır. Erməni müəllif qeyd edir ki, Azərbaycanın bu planlarına qarşı durmalı olanlar onlara məhəl qoymadılar: “Biz xatırlayırıq ki, İsrail Azərbaycana ölümcül silahlarla kömək edib, kömək edir və bundan sonra da kömək etməyi planlaşdırır. İndi isə Azərbaycanın ABŞ-dan da hərbi və digər yardımlar alacağı təhlükəsi var. Bunun fonunda biz nə görürük? Paşinyanın hakimiyyətə gəlməsinə kimin, necə və nə vaxt kömək etdiyini öyrənmək qərarına gələn Robert Köçəryana və Serj Sarkisyan hakimiyyət davasına çıxmaq üçün fürsət və dəstək axtarışındadırlar. Bu isə milli miqyasda faciədir. Biz ölkənin keçmiş və indiki hakimiyyətləri arasında çəkişmələr səbəbindən çox yaxın gələcəkdə sadəcə ağlasığmaz itkilərlə üzləşmək riski ilə üzləşirik”.
“Hraparak” daha nə yazıb?
Ermənistanın “Hraparak” nəşri yazıb ki, Baş nazir Nikol Paşinyan hökumət üzvləri və hakim Mülki Müqavilə Partiyasının nümayəndələri ilə iclas keçirib. Məlumata görə, o, iclasda Azərbaycanla sülh prosesinin dalana dirəndiyini açıqlayıb. Paşinyan deyib ki, Bakı dəhliz tələbindən geri çəkilmir, razılaşmasaq, müharibə qaçılmaz olacaq. O ictimaiyyəti bu barədə məlumatlandırmağın zəruri olduğunu bildirib. Bundan başqa, “Caliber” də Ermənistanın müharibəyə hazırlaşması iddiası ilə çıxış edib.
Regionda eskalasiya gözlənilirmi? Ermənistanda müharibə söz-söhbətləri yenidən qızışıb. Paşinyana qarşı gələn qüvvələr Azərbaycan-Ermənistan münasibətlərindən istifadə edirlər. Keçmiş xarici işləri naziri Vardan Oskanyan da son zamanlar fəallaşıb. Müxtəlif xarici ölkələri ziyarət edən Oskanyan Ermənistana gələrək keçmiş Qarabağ separatçıları ilə görüşlər keçirir, onlara müxtəlif vədlər verir. Oskanyan ümumilikdə riyakar şəxsdir. Suriya ermənisi olan bu adam vaxtilə birlikdə hərəkət etdiyi Levon Ter-Petrosyanı tərk edərək vəzifə xatirinə Robert Köçəryanın komandasında təmsil olunub. İndi də Qriqoryan kilsəsi, diaspor və xarici havadarlarının xoşuna gəlmək üçün bu cür oyunlardan çıxır. Ermənistan hökuməti bu şəxsləri susdurmağı bacarmalıdır.
Ermənistandan zaman-zaman müharibə anonsu verilsə də, Azərbaycanla sülhdən başqa hansı dildə danışsa onun üçün ölümlə nəticələnəcəyini də yaxşı bilir. Ancaq sərhəddə hər hansı təxribat baş verərsə, Azərbaycan Ordusunun dərhal adekvat cavab tədbirləri görəcəyi bəllidir. Görünür, Ermənistanda hələ də revanşist əhvalda olan xəyalpərəstlər az deyil. Buna görə də rəsmi Bakının Ermənistan konstitusiyasına dəyişiklik edilməsi və digər tələbləri haqlıdır.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə