“Azərbaycan sülhü dövlətlər arasında bağlamağı təklif edir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənistan-Azərbaycan arasındakı sülh sazişi ilə bağlı ilk təklif Azərbaycan tərəfindən həyata keçirilib. Azərbaycan sülhlə bağlı 5 baza prinsiplərini Ermənistana təklif edib. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən adekvat reaksiya görməmişik. Bu gün isə sülhə maneə olan məsələlər nədən ibarətdir?

İlkin olaraq Azərbaycan-Ermənistan arasındakı sülh sazişinə maneə olan məsələ Ermənistanla Azərbaycanın sülhə olan münasibətidir. Yəni sülh anlayışları sülhə maneə olur. Ermənistanın mövcud vəziyyətdə necə olursa-olsun sülh bağlamaq kimi bir anlayışı var. Azərbaycan isə sülh anlayışında sabit, davamlı sülh sazişinin tərəfdarıdır”. Bu sözləri siyasi şərhçi Polad Mehdiyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın sülh sazişinin əsas əlaməti ondan ibarətdir ki, mövcud vəziyyətdə tərəflər arasında olan ziddiyətlər razılaşdırılmadan sülh bağlamaqdır: “Bu siyasətinin əsas səbəbi Ermənistanın blokadadan çıxmaq istəyidir. Yəni kommunikasiya xətləri açılsın, Ermənistan Türkiyə üzərindən Rusiyadan asılılığını azaltsın. Lakin Azərbaycan daha davamlı və stabil sülhün tərəfdarıdır. Bunun üçün də Azərbaycan sülhü dövlətlər arasında bağlamağı təklif edir. Yəni Ermənistan xalqı ilə Azərbaycan xalqı arasında sülh olmalıdır. Bunun üçün isə arada olan ziddiyətlər qalxmalıdır. Sülhə maneə olan faktorlar nədən ibarətdir?

1. Ermənistanın qanunvericiliyi- Ermənistan Konstitusiyasının preambulasına əsasən Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Əgər biz xalqlar arasında sülh sazişi bağlayacağıqsa, bir dövlətin digər dövlətə qarşı ərazi iddiası olmamalıdır. Bu birinci sülhə maneə olan əsas faktordur.

2. Keçmiş münaqişənin əlamətlərini saxlamaq- ATƏT-in Minsk Qrupu buraxılmalıdır. Çünki əsas təyinatı Dağlıq Qarabağla bağlı münaqişənin tənzimlənməsi olan bir təşkilatdırsa və həmin münaqişə aradan qalxıbsa, o zaman o qurumun fəaliyyətinin heç bir siyasi və hüquqi əsası mövcud deyil.

3. Zəngəzur dəhlizi- Zəngəzur dəhlizi mütləq açılmalıdır. Bunu üçtərəfli sazişdə də Ermənistan üzərinə götürüb. Yəni Rusiya-Azərbaycan-Ermənistan arasındakı 10 noyabr sazişindən söhbət gedir. Bu Azərbaycanın əsas hissəsi olan Naxçıvana gediş-gəlişi təmin etmək üçün vacibdir. Kommunikasiya xətlərinin açılması bu baxımdan əhəmiyyətlidir. Yəni Zəngəzur dəhlizi də sülhə maneə olan faktordur.

4. Növbəti məsələ isə Avropa Müşahidə missiyası adı altında keçmiş təhlükəsizlik işçilərinin Azərbaycan sərhədində binokul diplomatiyasını həyata keçirmələridir”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə