Fevralın 18-də Ər-Riyadda baş tutan görüşü siyasətçilər tarixi görüş hesab edirlər. ABŞ və Rusiya arasında münasibətlərin yoluna düşməsi, bir növ, münasibətlərin buza dönmüş halının “əriməyə” doğru irəliləməsi təkcə politoloqları deyil, ümumiyyətlə, dünya ictimaiyyətini, xüsusən də ukraynalılar və rusları daha çox düşündürür. Hər kəsi düşündürən, eləcə də sual doğuran məqam bəllidir və görəsən, Amerika-Rusiya münasibətlərində olan “soyuqluğun” aradan qalxmasına istinad edərək, Ukrayna münaqişəsinin nizamlanmasına başlanılmasından danışmaq olarmı? Daha dəqiq desək, dünyanın iki nəhəng ölkəsinin münasibətlərinin “müsbətə doğru” irəliləməsinin, münasibətlərin “donunun açılmasının”, “buzların əriməsinin” ardınca gözləntilərin nədən ibarət ola biləcəyi ilə bağlı suallar yaranır.
Hər iki tərəf etiraf edir ki, danışıqlar faktının özü artıq “nailiyyət” hesab olunur
Təxminən üç illik fasilədən sonra ABŞ və Rusiya hakimiyyətinin nümayəndələri arasında rəsmi görüşün baş tutması heç də diqqətdən yayına bilməz. Diqqətə çatdıraq ki, Səudiyyə Ərəbistanının paytaxtında Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Amerika prezidenti Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals ilə təxminən beş saat danışıblar olub. Sözsüz ki, əvvəla, danışıqlar olubsa, deməli, müzakirə olunmalı məsələlər var imiş və gündəm üçün vacib sayılırmış. Digər tərəfdən də, danışıqların düz beş saat davam etməsi də təsadüfi sayıla bilməz. Hər halda, kifayət qədər müzakirə mövzusu olub ki, danışıqlar bu qədər müddət tələb edib. Eyni zamanda, bəlli olur ki, belə uzun zaman danışıqlar aparılması müəyyən bir “ortaq məxrəcə” gəlmək istəyinin və niyyətinin olduğunu təsdiqləyir.
Hər iki tərəf etiraf edir ki, danışıqlar faktının özü artıq “nailiyyət” hesab olunur. Xüsusən də, hərbi əməliyyat başlayandan bu vaxta qədər Bayden adminstrasiyasının rəhbərliyi dövründə Vaşinqtonun Moskvanı “boykot” etmək planları, minlərlə sanksiya təşəbbüsü ilə çıxış etməsi və Rusiyanı bütün beynəlxalq təşkilatlardan kənarlaşdırmağa çalışması fonunda hazırki danışıqlara nailiyyət kimi baxılması məntiqidir. Belə çıxır ki, Amerikanın yenidən hakimiyyətə qayıdan prezidenti Donald Tramp və onun administrasiyası Cozef Baydenin səhvlərini nəzərə alıb və başa düşüb ki, qlobal, eləcə də regional problemləri həll etmək üçün Rusiya ilə “danışmaq” lazımdır. Bu artıq münasibətlərdə yaranan buzların əriməsinin vacibliyini başa düşmək kimi bir etiraf sayıla bilər. Elə Moskva da öz növbəsində NATO blokunun əsas ölkəsinin “hörmətini qazanmağı” vacib hesab edirmiş və Ağ Evin dialoqa hazırlığını yüksək qiymətləndirməsi də bu baxımdan diqqəti cəlb edir. Deməli, Rusiya da öz növbəsində münasibətlərə aydınlıq gətirilməsini, münasibətlərdə “donmuş buzların” əriməsinin vacibliyini qəbul edir. Beləliklə, hər iki tərəf münasibətlərin bərpasının nailiyyət olduğunu etiraf edir...
Görüşün nəticələri ilə bağlı Kremlin qiymətləndirməsi
Dünya mətbuatında, xüsusən də Rusiyaya məxsus mətbuat səhifələrindən yayılan məlumatlardan bəlli olur ki, iki ölkənin nümayəndə heyəti arasında aparılan danışıqların gündəliyinə təkcə Ukrayna deyil, həm də ikitərəfli münasibətlər və qlobal təhlükəsizlik daxil olub. Doğrudur, söhbətin özü də gözlənildiyi kimi, eləcə də ənənəvi olaraq, “pərdə arxasında” qalıb. Lakin onun iştirakçılarının mətbuata verdiyi açıqlamalardan müəyyən nəticələr çıxarmaq olar. Həmin nəticələr isə, münasibətlərdə yaranan buzların əriməsini, hətta, yeni bir mərhələnin belə başlanmasını göstərir. Hər halda, tərəflərin “razı qalması“ bunu deməyə əsas verir. Xüsusən də, Rusiya tərəfindən olan nümayəndə heyətinin üzvləri tərəfindən qeyd olunanlar müvafiq qənaətə gəlmək üçün yetərli sayıla bilər.
Diqqətə çatdıraq ki, Uşakov görüşün nəticələri ilə bağlı dəyərləndirməsini özünəməxsus tərzdə və qısa şəkildə bildirib. “Pis deyil”, deyə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov görüşlə bağlı öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, ABŞ və Rusiya “ikitərəfli münasibətləri inkişaf etdirmək” barədə razılığa gəliblər. Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisinin sözlərindən belə məlum olur ki, tərəflər Ukrayna probleminin həlli üçün danışıqlar aparan qruplar yaratmağı planlaşdırırlar. Bununla belə, o da bəlli olur ki, Vaşinqton və Moskva münaqişənin həlli şərtləri ilə bağlı hələlik konsensusa malik deyillər. Lakin görünən odur ki, tərəflər buna çalışırlar. "Hələlik konsensusun, münaqişənin həllinin yaxınlaşdığını söyləmək çətindir, lakin bu barədə söhbət olub. Biz başqalarının da maraqlarını nəzərə alacağıq və ikitərəfli münasibətləri inkişaf etdirəcəyik", deyən Uşakov əslində, pozitiv əhval-ruhiyyənin olduğunu çatdıra bilib.
ABŞ və Rusiya məhz Putinlə Tramp arasında “görüş üçün şərait” yaratmağa çalışır.
Təbii ki, Rusiya və ABŞ-ın “bir-birinin maraqlarını nəzərə almağa” razı olması son dərəcə vacib məqamdır. Xüsusən də, tərəflərin əsas məqsədlərindən birinin məhz liderlər arasında, Vladimir Putin və Donald Tramp arasında görüş təşkil etmək olduğu da diqqəti cəlb etməyə bilməz. Doğrudur, Uşakov bildirir ki, qeyd olunan görüşün gələn həftə baş tutacağı ehtimalı çox azdır və xüsusən də nəzərə çatdırır ki, hələlik bununla bağlı konkret tarixlər də yoxdur. Lakin görünən odur ki, bu görüşün təşkilinə böyük “maraq” var. Qətiyyən diqqətdən yatınan deyil ki, ABŞ və Rusiya məhz Putinlə Tramp arasında “görüş üçün şərait” yaratmağa çalışır.
“Böyük dövlətlər dialoqu davam etdirməlidirlər”, deyə bəyan edən Rusiya diplomatiyasının rəhbərinin bu fikirləri də təsdiq edir ki, hər iki ölkə liderlərinin, ABŞ və Rusiya prezidentlərinin gürüşünün təşkil edilməsinə böyük maraq var və səy də göstərilir. “Biz bir saata yaxın ikitərəfli münasibətlərimizdən danışdıq və dünyada mümkün olmayan tam razılıq əldə etməyin, heç olmasa böyük dövlətlərin istənilən şəraitdə normal, peşəkar dialoqu davam etdirməyə, bir-birini eşitməyə və buna uyğun olaraq baş verənlərdən dərs götürməyə, hər hansı münaqişə və böhranlara yol verməməyə hazır olmasının nə qədər vacib olmasından danışdıq”, deyə mətbuat konfransı zamanı öz fikirlərini bölüşən Sergey Lavrov əslində, liderlərin görüşünün arzu olunduğunu bildirib. Deməli, iki ölkə lideri, Tramp və Putin arasında görüşün təşkili üçün böyük maraq da, istək də var və buna çalışılır da.
Rusiya tərəfinin görüşdən “razı qalması” rəsmilərin, xüsusən də XİN rəhbərinin fikirlərində öz təsdiqini tapır
Rubio və Vitkoffla söhbəti Sergey Lavrov olduqca “faydalı” hesab edir. Onun sözlərinə görə, tərəflər bir-birini dinləməklə yanaşı, həm də bir-birlərini də eşidirdilər və belə məlym olur ki, bu məqam Rusiya XİN rəhbərinin özü üçün də olduqca qənaətbəxş sayılıb. Əks halda, o bu qədər pozitiv şəkildə münasibət bildirməzdi. Görünən odur ki, görüşün praktiki nəticəsi ABŞ və Rusiyanın diplomatik nümayəndəliklərinin işinin normallaşdırılmasına dair razılaşma olub. Tərəflər səfirlik işçilərinin ölkədən çıxarılması, onların əmlaklarının ələ keçirilməsi və bank köçürmələrinə məhdudiyyətlər kimi diplomatların işinə maneələrin aradan qaldırılmasını istəyirlər. Bu arada diqqətə çatdıraq ki, bütün bu sadalanan “maneələr” Baydenin prezidentliyi dövründə yaradılıb və belə məlum olur ki, indi nə ABŞ prezidenti Tramp, nə də onun adminstrasiyası bu vəziyyətin davamlı olmasını istəmir. Əslində, heç Rusiya tərəfi üçün də, rəsmi Moskvanın özü üçüm də bu vəziyyətin davamlı olması arzuolunmazdır.
Təsadüfi deyil ki, Lavrov digər nəticələr arasında məhz Ukrayna nizamlama prosesinin müzakirəsini və Vaşinqtonla Moskva arasında əməkdaşlığın bərpası üçün şəraitin yaradılmasını qeyd edib. Lavrov qeyd edib ki, Ukrayna ilə yanaşı, ABŞ və Rusiya əməkdaşlığı “tam həcmdə” qurmaq və onu iqtisadiyyata və geosiyasətə - qlobal münaqişələr zonasına yaymaq istəyir. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında aparılan danışıqlar ABŞ-ın münasibətləri irəli aparmaq əzmində olduğunu göstərib. Rusiyalı nazir görüşə ev sahibliyi etdiyi üçün Ər-Riyada da təşəkkür etməyi unutmayıb və bu da onu göstərir ki, Rusiya XİN rəhbəri də görüşdən razı qalıb. Belə məlum olur ki, tərəflər arasında münasibətlərdə yaranan “soyuqluq” aradan qalxmaqdadır və “buzlar” əriməyə başlayıb...
Amerika tərəfi də münasibətlərin normallaşdırılmasında maraqlı görünür və bunun üçün geniş səylər göstərir
Amerika nümayəndələri də görüşü təmkinli şəkildə müsbət qiymətləndiriblər. Məsələn, Marko Rubio özü belə uzun illər “donmuş” münasibətlərdən sonra görüşün gerçəkləşdiyini böyük ruh yüksəkliyi ilə vurğulayıb. "Düşünürəm ki, bu görüş vacib idi, çünki bizim Rusiya ilə demək olar ki, üç ilə yaxındır ki, ciddi əlaqələrimiz olmayıb. İndi gələcək müzakirələr üçün əsas var", deyə dövlət katibinin bildirdikləri ABŞ tərəfinin də görüşdən razı qaldığını təsdiqləyir. Əlbəttə ki, Rubionun məhz Ukraynadakı münaqişənin tez bir zamanda həll olunacağına dair “illüziyaları” yoxdur. O özü də yaxşı bilir ki, bunun üçün “mürəkkəb və gərgin diplomatiya” və müəyyən bir müddət tələb olunur. Amerika diplomatiyasının rəhbəri hətta hesab edir ki, yalnız hər tərəfdən güzəştlər və sülh üçün məqbul şərtlər bunu reallaşdıra bilər.
Eyni zamanda, sülh müvəqqəti olmamalıdır. Tramp müharibənin “2-3 ildən sonra” bərpa olunmasına, yəni, yenidən başlamasına imkan vermək istəmir. Ukraynadakı münaqişəni həll edəcəyinə söz verən Trampın özü üçün Barak Obamanın dövründə bağlanmış kövrək “Minsk razılaşmaları”nın təkrarlanması Respublikaçılar Partiyasının növbəti prezident seçkilərində perspektivləri üçün böyük uğursuzluq olardı. Məntiqi nöqteyi nəzərdən də yanaşdıqda görürük ki, Rubio məhz ABŞ və Rusiya arasında əməkdaşlığın arzuolunan perspektivlərini görməkdə maraqlıdır. Bilir ki, onun yolu Ukraynadakı münaqişənin sona çatması ilə açılacaq. Elə bu səbəbdəndir ki, Ər-Riyaddakı görüşdən sonra dövlət katibi “gələcək əməkdaşlığın əsasının” qoyulduğunu həvəslə bildirib.
Belə məlum olur ki, danışıqların növbəti mərhələsi diplomatik nümayəndəliklərin işinin bərpası olacaq. Çünki ABŞ özü belə "diplomatik missiyaların normal işi olmadan" Rusiya ilə Ukrayna üzrə dialoqun aparılmasını mümkün hesab etmir. Məhz elə Marko Rubio özü də açıq şəkildə bildirib ki, diplomatik münasibətlərin bərpasının kifayət qədər "tez" reallaşdırmaq lazımdır. Deməli, həqiqətən də artıq münasibətlərin normallaşdırılması istiqamətində “işlər” aparılır. Daha dəqiq desək, təkcə Rusiya deyil, Amerika tərəfi də münasibətlərin normallaşdırılmasında maraqlı görünür və bunun üçün geniş səylər göstərir. Belə çıxır ki, həqiqətən də iki ölkə arasındakı münasibətlərdə yaranan “soyuqluq” aradan qaldırılır və münasibətlərdə yaranan “buzlar” əriməyə başlayır...
Bütün xəbərlər Facebook səhifəmizdə