Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı tarixi zərurətdir
Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı tarixi zərurətdir. Bu, təkcə Azərbaycanın deyil, bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır.
SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməli, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdıb sülh və təhlükəsiz şəraitdə yaşamalarını təmin etməlidir. “Bu, tarixi ədalətin bərpası ilə yanaşı, həm də Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına xidmət edir. Ermənistanın isə bu prosesə maneə törətməsi regionda dayanıqlı sülhün qurulmasına ciddi əngəl yaradır. Azərbaycan dövləti tərəfindən bu prosesin reallaşdırılması istiqamətində qətiyyətli addımlar atılmaqdadır”, - deyə o vurğulayıb.
Deputat xatırladıb ki, tarixi və əzəli torpağımız olan Qərbi Azərbaycanda yaşamış soydaşlarımız zaman-zaman etnik təmizləməyə məruz qalıblar, öz doğma torpaqlarından didərgin salınıblar. Son etnik təmizləmə 1988-1991-ci illərdə baş verib. Ermənilər 300 mindən çox azərbaycanlını öz doğma yurdlarından düşünülmüş şəkildə deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət edib, dağıdıb və xarabalığa çeviriblər. Xalqımız öz doğma yurdu olan Qərbi Azərbaycanı heç vaxt unutmur və geriyə, öz doğma evlərinə qayıtmaq arzusu ilə yaşayır.
Beynəlxalq ictimaiyyətin də Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı Ermənistana lazımi təzyiqlər göstərməli olduqlarını söyləyən deputat deyib: “Bu, Ermənistan tərəfindən beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlərin sona çatdırılması və deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpası baxımından böyük önəm daşıyır. İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaları onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Qeyd edilməlidir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var. Bundan başqa, BMT-nin məlum dörd qətnaməsindən ikisində Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı əsaslar da yer alır. Belə ki, 1993-cü ildə qəbul edilmiş 853 və 874 saylı qətnamələrdə bölgədəki qaçqınların geri qayıtmalarına şərait yaratmaq tələb olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə