Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Olimpiya çempionları - Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyev Laçın rayonuna səfər ediblər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətindən verilən məlumata görə, səfər çərçivəsində idmançılar Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyevlə görüşüblər. Görüşdə Laçında həyata keçirilən bərpa və tikinti işləri, köçürülən sakinlərin yerləşdirilməsi, həmçinin bölgədə yaradılan investisiya mühiti barədə geniş məlumat verilib.
Söhbət əsnasında idmanın gənclərin sağlam inkişafında və cəmiyyət üçün faydalı vətəndaş kimi formalaşmasında oynadığı mühüm rol vurğulanıb. Olimpiya çempionlarının Laçına səfərinin bölgə gəncləri üçün böyük motivasiya mənbəyi olduğu xüsusi qeyd edilib.
Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.
Daha sonra tanınmış cüdoçular Laçın şəhərində sakinlərlə görüşərək səmimi ünsiyyət qurublar.
Bütün xəbərlər Facebook səhifəmizdə