II Beynəlxalq Multikulturalizm Gənclər Forumu Xankəndidə davam edir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) ICESCO ilə birgə keçirdiyi II Beynəlxalq Multikulturalizm Gənclər Forumu öz işini Xankəndi şəhərində davam etdirir.

SİA-nın məlumatına görə, BBMM-in mətbuat xidmətindən bildirilib ki, “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən Forumun iştirakçıları avqustun 24-də Xankəndi şəhərinə gələrək, burada aparılan abadlıq-quruculuq işləri ilə tanış olublar. Daha sonra Forum iştirakçıları BBMM-in şöbə müdiri İrina Kuninanın “Azərbaycan Multikulturalizm modelinin xüsusiyyətləri” mövzusunda mühazirəsini dinləyiblər. İ.Kunina bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. O diqqətə çatdırıb ki, Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib.

Mühazirə Forum iştirakçıları tərəfindən maraqla qarşılanıb və müzakirələrlə davam edib.

Xatırladaq ki, müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirərək multikultural dəyərlərin təşviqi, mədəniyyətlərarası dialoqun inkişafı və dinlərarası anlaşmanın möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyan II Beynəlxalq Multikulturalizm Gənclər Forumunda dünyanın 50-dən çox ölkəsindən 70-dək qonaq iştirak edir. Bu platformanın əsas məqsədi gənclər arasında multikultural dəyərlərə hörmətin artırılması, etnik və dini müxtəlifliyin sülh və həmrəylik mənbəyi kimi tanıdılması, eləcə də bu sahədə bilik və təcrübə mübadiləsinin təmin olunmasıdır. Forum çərçivəsində keçirilən panel müzakirələr, interaktiv sessiyalar, seminarlar və təqdimatlar vasitəsilə iştirakçılar müxtəlif multikultural təcrübələrlə tanış olur, birgə layihələr üçün təşəbbüslər irəli sürür və sosial həmrəylik ruhunda yeni əməkdaşlıqlar qururlar.

Qeyd edək ki, I Beynəlxalq Multikulturalizm Gənclər Forumu 2019-cu ildə “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi çərçivəsində təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə