Azərbaycan Cənubi Qafqazda ABŞ-ın strateji müttəfiqlərindən biridir

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlər tarixi və strateji baxımdan mühüm əhəmiyyətə malikdir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ABŞ-ın strateji müttəfiqlərindən biridir. Enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, regional sabitlik və nəqliyyat marşrutlarının inkişafı sahəsində işbirliyi bu əlaqələrin sütunlarını təşkil edir. Xüsusilə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri kimi böyük layihələr Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırıb. ABŞ tərəfdən isə Azərbaycanla münasibətlər Cənubi Qafqaz bölgəsindəki güc balansının qorunması və əzəli rəqiblərinin təsirini məhdudlaşdırmaq baxımından önəm daşıyır. Lakin bu münasibətlərin inkişafı üçün bəzi həll olunması vacib problemlər də mövcuddur.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, fikirləri “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova səsləndirib.

Onun sözlərinə görə, Donald Tramp öncəki prezidentliyi dönəmində “Öncə Amerika” prinsipi ilə xarici siyasətə daha çox iqtisadi və milli təhlükəsizlik aspektindən yanaşıb. Bu yanaşmanın Azərbaycanla əlaqələrə necə təsir edəcəyini təxmin etmək üçün bir neçə məqamı vurğulayan QHT sədri əlavə edib: “Tramp administrasiyası enerji təhlükəsizliyinə və alternativ enerji qaynaqlarının inkişafına diqqət yetirirdi. Bu baxımdan Azərbaycan, öz enerji ehtiyatları ilə ABŞ-ın Avropa üçün enerji təchizatında önəmli tərəfdaş olaraq ön planda qalmağa davam edə bilər. Bir sözlə, Tramp administrasiyası Azərbaycanla əlaqələrdə iqtisadi əməkdaşlığa önəm verə bilər. Bölgədə sabitlik və geosiyasi maraqlara gəldikdə, Cənubi Qafqazda Azərbaycanın rolu sabitliyin təmin olunması baxımından diqqət mərkəzində qalacaq”.

Arzu Bağırova qeyd edib ki, Azərbaycan üçün də ABŞ ilə münasibətləri inkişaf etdirmək prioritet olaraq qalacaq. Xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və iqtisadi layihələrin gerçəkləşdirilməsi sahəsində yeni imkanlar yarana bilər. Bununla yanaşı, Azərbaycanın regional təhlükəsizlik məsələlərində ABŞ-dan daha çox dəstək gözləməsi də mümkündür. Lakin bu əlaqələrin daha da inkişaf etməsi üçün hər iki tərəfin səyləri tələb olunur.

“Azərbaycan Ermənistanla ədalətli Sülh Anlaşmasının əldə edilməsində, ümumən Qafqazda qalıcı sülhün bərqərar edilməsində səmimi şəkildə maraqlıdır. Bu amil ABŞ-ı daha fəal rol almağa təşviq edə bilər. Beləliklə, Donald Trampın prezidentliyi dönəmində ABŞ-Azərbaycan münasibətlərində gerçək irəliləyişlər gözlənilir. Lakin bu münasibətlərin dərinləşməsi üçün strateji maraqların tarazlanması, qarşılıqlı inamın gücləndirilməsi və davamlı dialoq mühüm rol oynayacaq. Azərbaycan üçün ABŞ ilə əlaqələri inkişaf etdirmək, regional və qlobal səviyyədə öz mövqeyini gücləndirmək baxımından önəmlidir. Bununla belə, ABŞ da Azərbaycanın aid olduğu bölgənin gerçəkliklərini, o cümlədən Azərbaycanın yaratdığı yeni reallıqları və respublikamızın qabaqcıl rolunu düzgün dəyərləndirməlidir”, - deyə QHT sədri vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə