"Prezidentin bəyanatı ayrı-ayrı ölkələrə mesaj kimi qəbul oluna bilər" - ŞƏRH EDİLDİ
"Prezident “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə bir sıra məsələlərlə bağlı ölkənin rəsmi mövqeyini ortaya qoymuş oldu. Bu müsahibə özündə bir sıra mühüm mesajları ehtiva etdi deyə bilərik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə münasibətləri, Rusiya-Ukrayna cəbhəsində baş verənlər, Ermənistanla nəzərdə tutulan sülh sazişi ilə bağlı detallar, Avqopa İttifaqı müşahidə missiyasının fəaliyyəti, soydaşlarımızın Qərbi Azərbaycandan qovulması və onların hüquqları, Gürcüstanda hazırki vəziyyət, Fransanın regionda oynadığıkı destruktiv fəaliyyəti və bir sıra digər məsələlərlə bağlı olduqca maraqlı açıqlamaların şahidi olduq: "Müsahibənin ən vacib məqamlarından biri Rusiya ilə NATO arasında baş verə biləcək müharibə ehtimalı ilə bağlı oldu. Cənab Prezident Azərbaycanın NATO və Rysiya arasında gərgin münasibətlərin aradan qaldırılması üçün töhfə verə biləcəyinin anonsunu verdi. Həqiqətən də ölkəmizin istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən, tamamilə müstəqil mövqeyə malik ölkə olaraq qəbul edilməsi, eləcə də həm Rusiya, həm də NATO üzvü olan Türkiyə ilə münasibətləri vasitəçi ölkə qismində çıxış etmək imkanı verir.
Müsahibədə diqqət çəkən məqamlardan biri ölkəmizdə Türkiyənin hərbi bazasının yerləşdirilməsi ehtimalı ilə bağlı oldu. Məlumdur ki, Türkiyə Azərbaycan ordusunun hərbi potensialının artıırlmasında əvəzsiz xidmətləri olan bir ölkədir. Türkiyənin Azərbaycan Ordusunun müasirləşdirilməsində, NATO standartlarına keçməsində, döyüş qabiliyyətinin artmasında çox böyük rolu var. Bununla yanaşı Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi var və bu Bəyannamədə də təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Prezidentin bu bəyanatı müxtəlif adlar altında ərazilərimizə hərbi birliklər yerləşdirmək istəyən ayrı-ayrı ölkələrə mesaj kimi də qəbul oluna bilər".
Onun sözlərinə görə, Prezident həmçinin Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar və əldə edilən razılaşmalarla bağlı da vacib məqamlara toxundu: "Məlumdur ki, həm Azərbaycan, həm də Ermənistan rəsmi şəkildə sülh sənədinin 17 maddəsindən 15-i ilə bağlı razılıq əldə olunduğunu bəyan ediblər. Yerdə qalan məsələlərlə bağlı isə hələ ki, ümumi razılaşmaya nail olmaq mümkün olmayıb. Cənab Prezident də məhz həmin məqamların nədən ibarət olduğunu bəyan etdi. Məlum oldu ki, vacib məqamlardan biri Beynəlxalq məhkəmələrdə olan qarşılıqlı iddialarla bağlıdır. İşğal dövründə Ermənistan tərəfindən Azərbaycana vurulan zərərin həcmi 150 milyarddan çoxdur. Ermənistan tərəfi isə hər vəchlə bu zərərlə bağlı öhdəlik götürməkdən yayınmaq istəyir. Daha bir məsələ Avropa İttifaqı müşahidə missiyası adı altında sərhədlərə yerləşdirilmiş xarici qüvvələrlə bağlıdır. Prezident açıq şəkildə bəyan etdi ki, bu missiya regionda sülhün genişləndirilməsinə xidmət edən faktor kimi çıxış etmir. Üçüncü ölkənin sərhəddə olması, bir tərəfdən iki ölkə arasında vəziyyətin gərginləşməsinə, digər tərəfdən isə Avropa İttifaqının Cənubi Qafqazda hərbi faktor kimi ortaya çıxmasına səbəb olur. Bu isə yolverilməzdir. Çünki bəzi Avropa ölkələri Aİ missiyası adından çıxış edərək, əslində özlərinin Cənubi Qafqaz maraqlarını təmin etmək üçn planlar həyata keçirirlər.
Dövlət başçısı həmçinin ənənəvi olaraq Ermənistandan qovulmuş azərbaycanlılardan və onların hüquqlarından da geniş şəkildə bəhs etdi. Dövlət başçısı bildirdi ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Bu məsələnin cənab Prezident tərəfindən daim diqqətdə saxlanılması və hər fürsətdə beynəlxaq ictimaiyyətə çatdırması bir tərəfdən həqiqətlərin çatdırılması baxımından, digər tərəfdən isə Ermənistana təzyiq baxımından olduqca əhəmiyyətlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə